Teleqramdan sonra "X" şəbəkəsinə də təzyiqlərin başlaması mümkündür
Teleqramın həmtəsisçisi Pavel Durov məhkəmə nəzarəti altında sərbəst buraxılıb. Fransa məhkəməsi 5 milyon avro girov qarşılığında Pavel Durovu sərbəst buraxıb və ona qarşı rəsmi ittiham irəli sürülüb. Durov əvvəllər ona qarşı irəli sürülən 12 cinayətdən 6-da ittiham olunur. Durova Fransa ərazisini tərk etmək qadağan edilib. O, həftədə iki dəfə polis bölməsinə məlumat vermək öhdəliyi ilə nəzarət altına alınıb. Durova Fransada yalnız məhkəmənin müəyyən etdiyi ünvanda yaşamağa icazə verilib. Məlumata görə, iş adamının elektron qolbaq taxmasına ehtiyac olmayacaq, çünki o, ev dustaqlığında deyil. Ancaq məhkəmənin müəyyən etdiyi məhdudiyyətlərə əməl etmək, mütəmadi olaraq polis bölməsinə baş çəkmək şərti ilə hərəkət edə bilər. Durov yerdəyişmə edərkən mütləq yeni ünvanı hakimlə razılaşdırmalıdır. Prokurorluq həmçinin Durovun bütün pasportlarının müsadirə olunduğunu bildirib. Kremlin mətbuat katibi Dmitri Peskov bildirib ki, Kreml Teleqramın qurucusu Pavel Durovun necə vətəndaşlığa malik olduğunu bilmir. Bununla belə, Kremlin sözçüsü Durovun hələ də Rusiya Federasiyasının vətəndaşı olduğunu söyləyib. Onun sözlərinə görə, Durovun Fransada müdafiəsi üçün lazım olan hər şey var. Peskov Durovun məhkəməsinin siyasi təqibə çevrilməməsinin vacib olduğunu vurğulayıb. Durovun sevgilisi Yuliya Vavilovanın MOSSAD agenti olduğu iddia olunur. Britaniyanın “Deyli Meyl” nəşrinin məlumatına görə, Vavilova Durovu Qərb xüsusi xidmət orqanlarının əlinə verib.
Politoloq İlqar Vəlizadə "Sherg.az"a bildirib ki, Durov ətrafında baş verənlərin Rusiya ilə bağlılığı, əlaqəsi birmənalıdır. Ekspertin sözlərinə görə, Teleqram sosial şəbəkəsi digər platformalardan seçilir:
"Teleqram elə bir sosial şəbəkədir ki, digər ölkələrin xüsusi xidmət orqanları ilə əməkdaşlıq etmir. Ona görə də Teleqrama təsir imkanları azdır. Fransa hökuməti düşünür ki, Durovu təsir altında, nəzarətdə saxlasa, ona təzyiq göstərsə, o, sosial şəbəkə ilə bağlı şərtlərində yumşalmalar edəcək. Nəticədə Fransanın hüquq-mühafizə orqanları Teleqramın bazasına daxil ola biləcəklər. Əslində, burada söhbət sadəcə Durovdan, Teleqramdan da getmir. Bununla digər sosial platformaların da prinsiplərinə toxunurlar. Ona görə də "X" sosial şəbəkəsinə rəhbərlik edən İlon Mask kimi biznesmen də müəyyən narahatlıq keçirir. Teleqramdan sonra "X" şəbəkəsinə də təzyiqlərin başlaması mümkündür. Bu da o deməkdir ki, sosial şəbəkə konsepsiyaları Qərb ölkələri tərəfindən şübhə altına alınır. Sosial şəbəkələr kifayət qədər sərbəst fəaliyyət göstərmək istəyirlər. Platforma rəhbərləri də maraqlıdır ki, daha çox insan həmin şəbəkədən istifadə etsin, qorxmadan, çəkinmədən fikirlərini paylaşsın. Fransanın məqsədi isə Teleqramın təsir dairəsini azaltmaqdır. Çünki hesab edilir ki, Teleqram Rusiyanın hakim orqanlarına, şəxslərinə yaxın olan bir resursdur. Daha doğrusu, rus məmurların Teleqramdan daha çox istifadə etdiklərini güman edirlər. O səbəbdən Durovun saxlanmasını anti-Rusiya addımı kimi dəyərləndirmək olar".