Şvabe kimilər reallığı qəbul etmək istəmirlər  - RƏY

Deputatın sözlərinə görə, onlar öz ambisiyalarına o qədər uyublar ki, qərəz və ədalətsizlik gözlərini bağlayıb

Xəbər verdiyimiz kimi, Almaniya Parlamentinin üzvü Frank Şvabe Azərbaycanı Avropa Şurasının təbliğ etdiyi dəyərlərə sadiq olmamaqda ittiham edib. Həmçinin Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) Milli Məclisə seçkilərdə müşahidəçi kimi dəvət olunmamasına irad bildirib, ölkə rəhbərliyinə qarşı təhqiramiz ifadələr səsləndirib. Avropa İttifaqının (Aİ) xarici siyasət və təhlükəsizlik məsələləri üzrə mətbuat katibi Peter Stano da bənzər ittihamlar səsləndirib. Azərbaycan Xarici İşlər Nazirliyi sözügedən iddiaları cavabsız qoymayıb. XİN sözçüsü Ayxan Hacızadə bildirib ki, bir sıra korrupsiya hallarında, qaranlıq biznes əlaqələrində adı hallanan Frank Şvabenin Azərbaycan və ölkə rəhbərliyi barədə səsləndirdiyi fikirlər bu insanın nə dərəcədə qərəzli, saxta və ikiüzlü siyasətçi olduğunu nümayiş etdirir. Onun sözlərinə görə, siyasi sabitlik, iqtisadi inkişaf və tərəqqi göstəricilərinə görə lider ölkələrdən olan Azərbaycanın siyasi rəhbərliyinə qarşı səslənən fikirlər ilk növbədə ölkənin uğurlarına qarşı qərəz kimi dəyərləndirilir: "Frank Şvabeyə yaxşı məlumdur ki, Avropa Şurasının Parlament Assambleyasının (AŞPA) müşahidəçilərinin Milli Məclisə seçkiləri müşahidə etməməyə dəvət olunmamasının yeganə səbəbi Almaniya rəsmiləri tərəfindən daxil olmaqla ölkəmizə verilən siyasi səviyyədə vədlərə baxmayaraq, Azərbaycan nümayəndə heyətinin mandatının hələ də bərpa edilməməsidir". 
Millət vəkili Ceyhun Məmmədov bildirib ki, təəssüflə qeyd etmək lazımdır ki, Şvabe kimiləri Azərbaycanın yaratdığı reallığı qəbul etmək istəmirlər. Deputatın sözlərinə görə, onlar öz ambisiyalarına o qədər uyublar ki, qərəz və ədalətsizlik gözlərini bağlayıb: 

"Azərbaycana qarşı bu cür ittihamlar səsləndirmək açıq-aşkar qərəzdir. Şvabe düşünürsə ki, Azərbaycana qarşı davamlı çıxışlar edəcək və Bakı buna loyal yaşanacaq, əlbəttə, yanılır. Ermənistanın təbliğatçıları dərk etməlidirlər ki, Azərbaycanın öz prinsipial və qətiyyətli mövqeyi var. AŞPA kimi ədalətsiz, Azərbaycanı davamlı əsassız ittiham edən, Ermənistanın müdafiəçisi rolundan çıxış edən, kin-küdurətin gözünü kor etdiyi bir təşkilatın Azərbaycanda keçiriləcək seçkiləri obyektiv müşahidə etməsi mümkün deyil. Müşahidənin nəticəsində AŞPA Azərbaycanın uğurunu qəbul etməyəcək, seçkilərə kölgə salmağa çalışacaq. Avropa Şurası bir dəfə də olsun haqqın, ədalətin yanında olmayıb. 30 il ərzində Azərbaycan torpaqları işğal altında oldu, vətəndaşlarımız soyqırıma məruz qaldı. O zaman AŞPA kimi qurumlar, Şvabe kimi şəxslər haradaydı? Niyə bu məsələlərə münasibət bildirmir, reaksiya vermirdilər?". 
Parlamentari bəyan edib ki, Azərbaycanı bu kimi məsələlərdə ittiham etmək absurddur: "Azərbaycan haqlı yoldadır. Çox çalışdıq ki, Avropa qurumları ilə normal əməkdaşlıq edək. Əfsuslar ki, Avropanın bəzi qurumları Azərbaycanla əməkdaşlıqdan imtina etdilər və əleyhimizə fəaliyyətə başladılar. Ona görə də Azərbaycanın yanaşması və atdığı addımlar doğrudur. Heç kim bizimlə təhdid dilində danışa, nəyəsə məcbur edə bilməz. Biz Ermənistan deyilik, güclü və qürurlu dövlətik".