Beləsi heç olmamışdı
Avstriyada beyin cərrahı çalışdığı klinika tərəfindən vəzifəsindən azad edilib. Buna səbəb cərrahın icra etdiyi əməliyyatlardan biri zamanı pasiyentin kəllə sümüyündə dəlik açmağı 13 yaşlı qızına həvalə etməsidir. “Sherg.az” “NTV.com.tr”yə istinadən bildirir ki, hadisə ölkənin cənub-şərqindəki Graz Universitetinin xəstəxanasında bu ilin yanvar ayında baş verib. Həmin vaxt meşədə başından zədə almış bir nəfər helikopter ambulansla xəstəxanaya çatdırılıb. Hələlik adı açıqlanmayan həkim-cərrah 33 yaşlı xəstəni əməliyyata alıb. Əməliyyatın gedişində isə xəstənin kəlləsində dəlik açmağı bilinməyən bir səbəbdən əməliyyat otağında olan 13 yaşlı qızına tapşırıb. Bu hadisə anonim şəkildə polisə məlumat ötürüldükdən sonra araşdırılıb. Xəbər təsdiqini tapdıqdan sonra isə cərrah barəsində istintaq başladılıb. Cərrahın ağlasığmaz hərəkəti, kiçikyaşlı qızına xəstənin kəlləsində dəlik açdırması xəbərinin yayılması sosial şəbəkələrdə şok effekti yaradıb. Xəstənin vəkili bildirib ki, huşsuz, duyarsız bir şəkildə əməliyyat masasına qaldırılan insana qarşı belə bir ağlasığmaz, qanunazidd hərəkətə yol verilməsinə heç bir üzür qəbul edilə bilməz. Bu, şərəfsizlikdir. Vəkil Freyberger cərrahla yanaşı həmin vaxt əməliyyat otağında olan 5 nəfərə qarşı da məhkəmə iddiası qaldırıldığını bildirib.