Sakitləş, Zatulin!

Rus deputat təxribat xarakterli bəyanatlarına görə bütün postsovet ölkələrində “arzuolunmaz şəxs” elan edilib
 
 
 Rusiya Dövlət Dumasının deputatı Konstantin Zatulin yenə sərsəmləyib. Daim ermənipərəst, təxribatçı açıqlamaları ilə seçilən rus deputat Qarabağ mövzusunda yalanlar uydurmağa başlayıb. Utanmadan gorbagor olmuş qondarma rejimə təbrik məktubu yazıb. Zatulin yazdığı cızma-qarada həyasızcasına reallıqları təhrif etməklə yanaşı, Bakıda həbsdə olan keçmiş separatçıların halından da ürək ağrısı ilə bəhs edib. Zatulinin siyasi keçmişinə nəzər salsaq, onun əsas peşəsinin Azərbaycanı hədəf almaq, Bakı-Moskva münasibətlərinə kölgə salmaq olduğunu görərik. O, hər il 2 sentyabr tarixində qondarma rejimə təbriklər yazmağı özü üçün mənəvi borc hesab edib. Digər tərəfdən, son dövrlərdə Azərbaycan-Rusiya münasibətləri yüksələn xətlə inkişaf edir. Belə bir vəziyyətdə bu münasibətləri pozmaq istəyən zatulinkimilərin əl-ayağa düşməsi anlaşılandır. Konstantin ona gələn sifarişləri yerinə yetirmək, Azərbaycan-Rusiya münasibətlərinə kölgə salmaq üçün hərəkətə keçib, daha doğrusu, keçirilib. Zatulin işğal dönəmində, daha dəqiqi 2019-cu ildə Xankəndiyə səfər edib, separatçıların başçısı Bako Saakyanla görüşərək hansı yuvanın quşu olduğunu bəlli etmişdi. O, 2022-ci ilin sentyabrında Qarabağdakı qondarma rejimə “Müstəqillik günü” münasibətilə təmtəraqlı təbrik məktubu cızma-qara etməklə öz simasını bir daha göstərmişdi. Bu ilin mayında isə Zatulin abırsızcasına iddia etmişdi ki, guya Azərbaycan Qarabağdakı “erməni kilsələrini” zorla albanlaşdırır.

 Sabiq millət vəkili, politoloq Rasim Musabəyov “Sherg.az”a deyib ki, K.Zatulin Azərbaycan-Rusiya müttəfiqlik əməkdaşlığına xələl gətirmək imkanını əldən vermir. Ekspertin sözlərinə görə, Zatulinin şovinist olması çoxdan məlumdur: 
"Zatulin təxribat xarakterli bəyanatlarına və hərəkətlərinə görə bütün postsovet ölkələrində “arzuolunmaz şəxs” elan edilib. Hətta Nikol Paşinyan hökuməti Zatulinin Ermənistana girişini qadağan edib. Hakim “Vahid Rusiya” Partiyasının üzvü olmasına baxmayaraq, mövqeyinə görə Dövlət Dumasının MDB işləri üzrə komitəsinin rəhbərliyindən uzaqlaşdırılıb. Görünən odur ki, Zatulin reallıqlarla barışa bilmir və təxribatçı bəyanatlarla varlığını xatırlatmaq fürsətini əldən vermir. O, Qarabağ ermənilərinə yalan ümidlər verir və əslində, Ermənistan hökumətinin münaqişədən sonrakı reallığa inteqrasiyasını çətinləşdirir. Sakitləş, Zatulin. Deputat seçildiyin Soçidə zəngin erməni diaspor nümayəndələri çoxdur. Bu cür hərəkətlərin ermənilərə faydası şübhəlidir, Azərbaycan-Rusiya münasibətlərinə ziyanı isə göz qabağındadır".