ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin direktoru Uilyam Börns bildirib ki, 2022-ci ilin payızında Rusiya Prezidenti Vladimir Putinin Ukraynaya qarşı nüvə silahından istifadə edə biləcəyinə dair real risk var idi. O bildirib ki, 2022-ci ilin payızında taktiki nüvə silahlarının mümkün istifadəsi ilə bağlı real riskin olduğu bir an var idi. Börns əlavə edib ki, 2022-ci ilin sonunda o, Türkiyədə Rusiya kəşfiyyatının rəhbəri Narışkinlə görüş keçirib və orada rusiyalı rəsmi mümkün nüvə zərbəsinin nəticələri ilə hədələyib. O, eskalasiya risklərini nəzərdən qaçırmamağa, eyni zamanda Kremli kimisə qorxutmasına imkan verməməyə çağırıb və söyləyib ki, Putin quldurdur, silahları ilə səs-küy yaratmağa davam edəcək.
Politoloq Zeynal Əmrəliyev “Sherg.az”a söyləyib ki, Rusiyanın Ukraynaya qarşı nüvə silahından istifadə məsələsi uzun müddətdir müzakirə olunur:
"Amma Moskvanın nüvə silahından istifadə etmək niyyəti yoxdur. Çünki Qərb və Rusiya arasında centlmen razılaşma mövcuddur ki, tərəflər biri-birinə qarşı nüvə silahından istifadə etməsin. Rusiya yaxşı bilir ki, əgər Ukraynaya qarşı nüvə silahından istifadə edərsə, rəsmi Kiyev tərəfindən eyni qarşılığı alacaq. Ona görə də hesab edirəm ki, Rusiya qırmızı xətti keçmək niyyətində deyil. Yəni Şimal qonşumuzun bundan sonra da nüvə silahından istifadə etməsi gözlənilmir. Çünki Rusiya Qərbin qırmızı xəttini heç vaxt keçməyəcək. Əgər Rusiya nüvə silahından istifadə edərsə, yeni dünya müharibəsi yaranar və bir çox fəlakətlərlə nəticələnər. Təbii ki, nüvə silahından istifadə etməklə bağlı Rusiya prezidenti Vladimir Putinə çağırışlar verilir. Lakin Ukrayna şəhərlərinin çoxu qədimidir və Slavyan əraziləridir. Həmin ərazilərdə Slavyanların tarixi və mədəniyyət abidələri olduğuna görə Rusiya nüvə silahından istifadə edərək Ukrayna ilə əlaqələrin tamamilə qırılmasını istəməyəcək”.