İranın Rusiyaya yeni ballistik raketlər göndərməsi NATO ilə Rusiya arasında toqquşma riskini artırır.
Bu barədə “Bloomberg“in analitik yazısında qeyd olunub.
Bildirilib ki, ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns bu addımı rəsmi Tehranın regionda vəziyyəti dramatik həddə çatdırmaq istəyi ilə əlaqələndirib.
İranın bu cür addımlar atmasını Qərb dövlətləri necə qiymətləndirir?
Mövzu ilə bağlı politoloq Sədrəddin Soltan "Sherg.az"a açıqlama verib.Ekspert bildirib ki, İranın Rusiyaya ballistik raket göndərməsi ilə bağlı xəbəri Qərb bloku çox kəskin şəkildə pisləyir.
"Əslinə qalsa İran tərəfi bunu təkzib edir. Ümumiyyətlə Qərb İranla Rusiya arasında hərbi texnika və avadanlığa dair istənilən əlaqələri, əməkdaşlıqları bəyənməyərək pisləyir. Çünki bu, başqa ölkənin ərazisinin işğal edilməsi deməkdir. Ballistik raketlər Ukraynanın ərazisinin işğal edilməsində istifadə edilir. Ona görə də İranın Rusiyaya hərbi texnika cəhətdən yardım etməsi Qərb tərəfindən qəbul edilməzdir. Digər tərəfdən İran yaxın Şərqdə proksi qüvvələr saxlayır. Bu proksi qüvvələr vasitəsilə də regionu gərginləşdirir. Xüsusəndə HƏMAS- İsrail müharibəsi regionda vəziyyətin çox kritik vəziyyətə çatmasına səbəb olub. Buna görə də ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin rəhbəri Uilyam Börns haqlı olaraq İranı regionun vəziyyətini gərginləşdirməkdə qınıyır. Suriyada da, İraqda da, Livanda da vəziyyət belədir".
Sonda İsrail-Həmas məsələsinə toxunan ekspert qeyd edib ki, təkcə İsrail- Həmas müharibəsi Fələstində vəziyyəti gərginləşdirmir bu, bütövlükdə körfəz ölkələrində vəziyyətin gərginləşməsinə təsir göstərir.