ABŞ Dövlət Departamenti ATƏT-in Demokratik Təsisatlar və İnsan Haqları Bürosunun rəhbərliyi ilə birlikdə Gürcüstana qarşı plan hazırlayıb.
Bu barədə Rusiya Xarici Kəşfiyyat Xidməti məlumat yayıb.
Rusiyanın bu cür məlumat yaymasında məqsədi nədir?
Gürcüstanın Baş Naziri İrakli Kobaxidze də bir müddət əvvəl jurnalistlərə müsahibəsində qeyd edib ki, Qərb dairələri ölkədəki vəziyyəti qarışdırmaq istəyir. O, vurğulayıb ki, ölkədə istənilən süni iğtişaşı yaratmağa cəhd edənlər ciddi şəkildə cəzalandırılacaq.
Mövzu ilə əlaqədar "Sherg.az"a açıqlama verən politoloq Əhəd Məmmədli məsələyə bir neçə mövqedən yanaşıb:
"Gürcüstanın mühafizəkar dəyərlərlə yaşamasını istəyən siyasətçilərin, analitiklərin fikri odur ki, Qərb Gürcüstana hərbi çevriliş hazırlayır, hakimiyyəti güc yolu ilə dəyişmək istəyir. Bu hansısa agentliyin şişirdilmiş məlumatı və ya informasiya müharibəsinin tərkib hissəsi də ola bilər. Əsas odur ki, Qərb həqiqətən də Gürcüstanda iqtidarı seçki, mitinq, inqilab yolu ilə dəyişmək istəyir. Bu artıq məsələnin texniki tərəfidir. Strateji tərəfi isə odur ki, Gürcü ordusunun davranışı, sanksiyalara qoşulmaması, Rusiya ilə münasibətlərin qorunub saxlanması, məlum "Xarici agent"lər haqqında qanunun qəbulu Qərb dairələrinin istəyinə uyğun deyil. Ona görə də Gürcüstana Avropa Parlamentinə və NATO- a üzvülüyünün qəbul məsələsini, danışıqları dayandıra bilərik deyə ultimatum verməyə başlayıblar. Rusiyanın bu cür açıqlamasını sadəcə olaraq Gürcüstana Qərb-Rusiya qarşıdurmasının tərkib hissəsi kimi qiymətləndirə bilərik".
Ekspert hadisələrin hansı məxrəcə doğru getdiyi barəsində fikirlərini bildirib:
"Gedişat barəsində Gürcüstandakı seçkilərin nəticələrinə uyğun olaraq danışa bilərik. Bəzilərinin iddialarına görə artıq hakimiyyət dəyişəcək. Gürcü arzusu seçkilərdə məğlub olacaq. Amma mənim fikrimcə Gürcü arzusu bu dəfə də seçkilərdə qalib gələcək və iktidarını qoruyub saxlayacaq".