Qərb də, Rusiya da çalışır ki, Ermənistan zəifləməsin və bölgədə türk dünyasına müqavimət immunitetini itirməsin
Ermənistanda hökumətə qarşı dövlət çevrilişinə cəhd olub. Təhlükəsizlik Xidməti Ermənistanda hakimiyyəti ələ keçirməyi planlaşdıran cinayətkar qrupu aşkarlayıb. İstintaq Komitəsi məlumat yayıb ki, aktiv əməliyyat tədbirləri zamanı 30-a yaxın axtarış aparılıb, dindirilmələr nəticəsində 7 vətəndaşın şəxsiyyəti hələlik müəyyən edilməmiş digər şəxslərlə birlikdə hakimiyyəti zorla ələ keçirməyə hazırlaşdığına dair sübutlar toplanıb: “Xüsusən də bu qrup silahdan istifadə qaydalarını öyrənmək məqsədilə bir sıra Ermənistan vətəndaşlarını Rostovda, o cümlədən “Arbat” bazasında üç aylıq təlim keçmək üçün cəlb edib. Sonradan məlum olub ki, qruplaşmanın məqsədi sərhədləri qorumaq deyil, Ermənistanda hakimiyyəti ələ keçirməkdir”. Bildirilib ki, həmin şəxslərin bir qismi çevrilişdə iştirak etməkdən imtina edib və Ermənistana qayıdıb. 7 nəfər barəsində cinayət işi başlanıb, onlardan 3-ü həbs edilib, 4 nəfər isə axtarışa verilib. Xatırladaq ki, bu ilin may ayında da Ermənistanın İstintaq Komitəsi ölkədə hakimiyyəti ələ keçirməyə hazırlaşmaqda şübhəli bilinən şəxslərin saxlanıldığını elan etmişdi. Saxlanılan şəxslərin planlarını mitinq zamanı həyata keçirməyi planlaşdırdığı deyilmişdi. "Hraparak" nəşri isə Ermənistan rəhbərinin 2026-cı ildə keçiriləcək növbəti seçkilərə hazırlaşdığını yazıb. Nəşr bildirib ki, hakim “Vətəndaş Müqaviləsi” Partiyasında yeni format yaradılıb: "Deputatlar, qubernatorlar və partiyanın əsas üzvlərindən ibarət ərazi şuraları ayda bir dəfə toplaşmalı, həm partiya və vilayətlərin problemləri, həm də sakinləri narahat edən məsələlər birgə iş nəticəsində həll edilməlidir. Partiya üzvlərinin fikrincə, bu format yaxınlaşma və daha sıx əməkdaşlıq imkanı yaradacaq". Nəşr bunun Paşinyanın seçki hazırlığının bir hissəsi olduğunu bildirib.
Azərbaycan Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə "Sherg.az"a bildirib ki, Ermənistan hakimiyyətinə qarşı Rusiyanın təzyiqləri olub və bundan sonra da olacaq. Partiya rəhbərinin sözlərinə görə, Moskvanın İrəvan hökumətinə təzyiqləri səngiməyəcək:
"Rusiya Ermənistanda Nikol Paşinyanın hakimiyyət başında olmasını birmənalı istəmir və buna qarşı olduğunu müxtəlif formalarda büruzə verir. Amma Moskva fərqindədir ki, hazırda erməni xalqı tərəfindən Paşinyandan başqa qəbul ediləcək heç bir fiqur yoxdur. Yəni həm Paşinyana alternativ olacaq, həm də Kremlin adamı sayılacaq siyasətçi tapılmayıb. Bu səbəbdən Paşinyanı saxlamaq və ona təzyiq göstərmək metodu seçilir. Baş naziri gərgin vəziyyətdə saxlamağa, hər an postunu itirə biləcəyi ehtimalı ilə üzləşməyə məhkum edirlər. Bununla yanaşı, Paşinyanın əleyhdarları məqsədyönlü şəkildə gücləndirilir, onlara dəstək verilir. Bəzi güclərdən istifadə etməklə dövlət çevrilişinə cəhdlər də gündəmdədir. Ancaq hərbi çevriliş təşəbbüslərinin nəticə verməyəcəyini Rusiya özü də yaxşı bilir. Paşinyanı hazırkı dönəmdə hərbi çevrilişlə devirmək qeyri-mümkündür. Baş nazir ABŞ və bəzi Avropa ölkələri tərəfindən ciddi şəkildə qorunur, mühafizə edilir. Əslində, Paşinyan birbaşa Qərbə yönəldiyini göstərməyə çalışsa da, Rusiyaya tam üz çevirmədiyi bəllidir. Baş nazir buna risk edə bilməz. Ermənistanda hələ də Rusiyanın hərbi bazası, qoşunları, sərhədçiləri qalmaqdadır. Ölkə iqtisadiyyatının lokomotivi Rusiyadır. İndiki vəziyyətdə Paşinyan həm Qərblə, həm də Rusiya ilə oynamağa məcburdur".
A.Əlizadə vurğulayıb ki, ikili oyunun bir müddət davam edəcəyi qaçılmazdır:
"Səbəbi isə odur ki, bir çox məqamlarda Qərblə Rusiyanın maraqları üst-üstə düşür. Hər iki tərəf Ermənistana müxtəlif spektrli dəstək verməklə bölgədə İrəvan üzərindən öz maraqlarını təmin etməyə çalışırlar. Qərb də, Rusiya da çalışır ki, Ermənistan zəifləməsin və bölgədə türk dünyasına müqavimət immunitetini itirməsin. Paşinyan da bu vəziyyətdən məharətlə istifadə edir. Əlbəttə, İrəvan hökumətinə zaman-zaman Kremlin təsirləri olacaq. Moskva Paşinyanın tamamilə Qərblə yönəlməsini, Cənubi Qafqazda ABŞ və Avropa ölkələrinin hərbi cəhətdən mövcudluğunu qətiyyən istəmir. Rusiyanın əsas narahatlığı sırf Paşinyan hökuməti ilə yox, məhz bu məqamla bağlıdır. Rusiya rəhbəri V.Putinin sabiq Prezident R.Koçaryana zəngi, keşiş hərəkatının yenidən canlanması da təsadüfi sayılmamalıdır. Moskvanın təzyiq rıçaqları da bunlardır. Yəni bölgədə Ermənistan üzərindən illərdir gedən oyun bu gün də davam etməkdədir".