Rusiya Ermənistana iqtisadi və hərbi yardımlar etməklə, öz orbitində saxlamağa çalışır
"Rusiyanın Ermənistana "Smerç" və digər silahlar göndərməsi əvvəlki razılaşmalar əsasında həyata keçirilsə də, bu, Kremlin İrəvana jestidir".
Bu barədə "Sherg.az"a politoloq Məhəmməd Əsədullazadə deyib.
Analitik vurğulayıb ki, Rusiya Ermənistana iqtisadi və hərbi yardımlar etməklə, öz orbitində saxlamağa çalışır:
"Ukrayna müharibə fonunda mərmi və silahları İrandan, Şimali Koreyadan alan Moskvanın Ermənistana silahlar göndərməsi Cənubi Qafqazda mövqeyini qorumağa, Azərbaycanla sülhə mane olmağa hesablanıb. Ermənistan və Rusiya arasında ticarət dövriyyəsi 16 milyarda yaxınlaşır. Bu, Rusiyanın Ermənistanla iqtisadi və ticarət əlaqələrindən irəli gəlir. Ermənistan Baş naziri Nikol Paşinyan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında üzvlüyün geri dönüşün olmayacağı mərhələsinə gəldiyini qeyd edib. Göründüyü kimi, Paşinyan anti-Rusiya ritorikasını davam etdirir. Amma Kreml durmadan bu ölkəyə yardımlar edir".
Siyasi şərhçi vurğulayıb ki, Ermənistan Qərb və Rusiya tərəfindən dəstəklənir:
"Ermənistanın kifayət qədər maliyyə imkanlarına sahib olması və silahlarla təchiz olunması İrəvanın sülh danışıqlarını pozması ilə nəticələnə bilər. Bu da Moskvanın siyasətidir. Rusiya Azərbaycanla Ermənistan arasında sülhün əleyhinədir. Var qüvvəsi ilə Ermənistanı maliyyə və silahla təmin edir ki, Azərbaycanla razılaşmalar pozulsun".