Pezeşkianın səfər marşrutu düşünülmüş addımdır -ŞƏRH

İran bu səfərlə ilk növbədə ABŞ-yə, sonra isə Türkiyəyə mesaj vermiş oldu


  Ötən gün İran Prezidenti Məsud Pezeşkian həm region ölkələri, həm də uzaq dövlətlərlə əməkdaşlıqdan, Tehran hökumətinin atacağı addımlardan danışıb. Prezident qonşu ölkələrlə əməkdaşlığa, ortaq layihələrin icrasına əhəmiyyət veriləcəyini deyib. İraqa səfərini və imzalanan sənədləri xatırladan Pezeşkian Pakistan, Azərbaycan, Türkiyə və digər qonşu ölkələrlə də eyni cür edə biləcəklərini söyləyib. Vurğulayıb ki, iqtisadi inkişafın şərti azad bazar yaratmaq və xarici ticarəti inkişaf etdirməkdir. Pezeşkian Türkiyə-İran əlaqələri ilə bağlı bunları söyləyib: “Türkiyə bizim dostumuz və qardaşımızdır. Qonşuluqdan daha çox qohumluq əlaqələrimiz var. Aramızda sərhəd olmasa, bu tərəflə o tərəf eynidir. İnanclarımız, mədəniyyətimiz bir-birinə bağlıdır. Türkiyə ilə münasibətlərimizi mütləq gücləndirməliyik".  Həmçinin Çinlə çox yaxşı münasibətlərinin olduğunu, xarici ticarətin böyük hissəsinin Çin və Rusiya ilə aparıldığını deyib. 
  
Politoloq Azər Qasımov "Sherg.az"a deyib ki, Pezeşkianın ilk rəsmi səfərini İraqa etməsi bir çox mətləblərdən xəbər verir. Ekspertə görə, İran bu səfərlə ilk növbədə ABŞ-yə, sonra isə Türkiyəyə mesaj vermiş oldu: 

"İraq dövlətinin ABŞ-nin nəzarətində olduğu heç kimə sirr deyil. ABŞ hər üç aydan bir sanksiyalara baxmadan İraqdan İrana 10 milyard dollar verilməsini təmin edən ölkədir. Bu, İranın İraqa elektrik enerjisi verməsi qarşılığında verilən vəsaitdir. Amma həmin vəsaitlə İraq çoxdan öz elektrik tələbatını ödəyən infrastruktur yarada bilərdi. Böyük ehtimalla verilən pulun adının belə qoyulması yalandır. ABŞ İrana dondurulmuş pullarını bu adla tədricən qaytarır. İran da ABŞ ilə gizli danışıqlardan sonra İsmail Haniyənin Tehranda öldürülməsinə görə İsrailə hücuma imkan vermədi. İraqa səfərin ABŞ-yə minnətdarlıq mahiyyəti daşıdığını hesab etmək olar. 
  Pezeşkianın bununla yanaşı kürd muxtariyyatının lideri Bafel Talabani ilə, yəni PKK və PYD-nin dəstəklədiyi şəxslə görüşməsi ilk növbədə ABŞ-nin istəyi ilə baş tutub. Onların da ABŞ-nin nəzarətində olduğu açıq faktdır. Bu, öz növbəsində Türkiyəyə mesaj xarakteri daşıyıb. İran Türkiyəyə kimin yanında olduğunu göstərib".