Rusiya İsrailin İrana zərbə endirəcəyinə dair siqnalların artmasından narahatdır.
APA-nın Moskva müxbiri xəbər verir ki, bunu Rusiya xarici işlər nazirinin müavini Sergey Ryabkov bildirib.
Onun sözlərinə görə, İsrailin İranın nüvə obyektlərinə hücum ehtimalını nəzərdən keçirməsi qəbuledilməzdir. Ryabkov qeyd edib ki, Nüvə Silahlarının Yayılmaması Müqaviləsi kontekstində İranın nüvəsiz statusu heç kim tərəfindən şübhə altına alınmamalıdır. Rusiya o mövqedən çıxış edir ki, İranın yalnız dinc nüvənin inkişafına diqqəti dəyişməyib.
“Mən İran tərəfinin uzun müddətdir, üzərində çalışdığı mövqeyə diqqət yetirməyə davam edirəm və başa düşdüyüm kimi, o, eyni olaraq qalır - nüvə proqramının sırf dinc məqsədlər üçün inkişafı. Bu mövzuda müvafiq sənədlər, o cümlədən vaxtilə Ali Dini Rəhbərin verdiyi fətva var. Biz bunu həm də nüvə enerjisinin dinc inkişafı lehinə siyasətin güclü olduğuna işarə kimi qeyd etdik. Dünyada vəziyyət dəyişir, İrana qarşı təhdidlər artır. Ölkənin beynəlxalq məsələlərdə müstəqil kursunu çoxlarının bəyənmədiyini göstərən bir çox əlamətlər var. Lakin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi çərçivəsində bu dövlətin nüvəsiz statusu heç kim tərəfindən şübhə altına alınmamalıdır”, - deyə rusiyalı nazir müavini vurğulayıb.