Ukrayna Prezident Ofisi rəhbərinin keçmiş müşaviri Aleksey Arestoviç deyib ki, Ukrayna sülh danışıqlarına başlamasa, cəbhə 3-4 aya çökə bilər. O bildirib ki, oktyabr və noyabr ayları dəhşətli bir sınaq olacaq. Eyni zamanda qeyd edib ki, bu, hələ baş verməyib. Amma Ruslar hər fürsətdən istifadə etməyə çalışacaqlar. Bunu dayandırmağın yeganə yolu sülh danışıqlarıdır. Ukrayna öz silahlı qüvvələrini qura bilmədiyi üçün müharibədə şansını əldən verdi. Keçmiş müşavir qeyd edib ki, cəbhə dörd əsas istiqamətdə dağılır. Onun fikrincə, Ukrayna qüvvələri Kuraxovsk-Pokrovsk, Toretsk, Çasov Yar-Kupyansk istiqamətində və Kursk vilayətində məğlub edilir.
Politoloq Sultan Zahidov “Sherg.az”a söyləyib ki, son vaxtlar Ukrayna və Rusiya cəbhəsində vəziyyət heç də rəsmi Kiyevin leyhinə deyil:
“Xüsusilə də oktyabrın 2-si geosiyasi əhəmiyyətli Vuhledar şəhərinin Rusiya tərəfindən tutulması Ukrayna üçün strateji itki sayılır. Çünki Vuhledar Krım və Donbas arasındakı təchizat yollarının müşahidə altında saxlanılması üçün vacib strateji məntəqə idi. Eyni zamanda Vuhledar Ukraynanın özü üçün Şərq cəbhəsində təchizatın təmin olunması baxımından strateji məntəqə rolunu oynayırdı. Ümumiyyətlə digər cəbhələrdə də ukraynalıların hədəflərə çatmaması vəziyyəti Rusiyanın xeyrinə dəyişir. Qeyd edək ki, Kurskda avqustdakı əməliyyatdan sonra təxminən 1300 km-lik ərazi Ukrayna ordusu tərəfindən ələ keçirilib. Amma hazırda həmin əraziləri tam şəkildə nəzarətdə saxlamaqda çətinlik çəkirlər. Hətta bəzi məlumatlara görə ruslar bir neçə ərazini geri alıb”.
Ekspert vurğulayıb ki, strateji cəhətdən çox əhəmiyyətli olan Pakrovska da rusların durmadan hücumları davam edir:
“Əgər Pakrovsk ələ keçirilərsə, Donbasın qısa zamanda itirilməsi labüd olacaq. Çünki Pakrovskinin ələ keçirilməsi Slavyanski kimi şəhərləri də ciddi hədəf halına gətirəcək ki, bu da Donbasın tamamilə Rusiyanın nəzarətinə keçməsinə şərait yaradacaq. Bu ərazilərin itirilməsi isə Ukraynaya strateji və mənəvi cəhətdən zərbə vuracaq. Ona görə də Ukrayna üçün iki seçim qalıb. Birincisi Amerika Birləşmiş Ştatlarında prezident seçkilərdən sonra yeni rəhbərliklə danışıb Ukraynaya daha çox hərbi dəstəyin verilməsini tələb etməlidir. Əgər Ukraynaya ən yeni silahlar verilərsə, rəsmi Kiyev güclənə bilər. Bu isə Rusiya və ABŞ arasında gərginliyi daha da artıracaq. Digər seçimi isə ABŞ-dan Rusiyanın dərinliklərini hədəf almaqla bağlı icazənin alınmasıdır. Düşünürəm ki, sözügedən məsələ seçkilərdən sonra dəqiqləşəcək”.