Aİ  Rusiya pullarını Ukraynaya göndərir: Kiyevə 35 milyard avro kredit

Avropa İttifaqına üzv ölkələr G7 öhdəliyi çərçivəsində Rusiyanın dondurulmuş aktivlərinin qaytarılmasından istifadə edərək Ukraynaya 35 milyard avro kredit ayırmağa razılaşıblar. Daha əvvəl belə bir addımın “oğurluq” olacağını bildirən Moskvanın bu addıma necə reaksiya verəcəyi maraq doğurur.
Sherg.az xəbər verir ki, dondurulmuş Rusiya aktivlərinin Ukraynaya göndərilməsi ilə bağlı müzakirələr davam edərkən, Avropa İttifaqı (Aİ) ilk konkret addımı atıb.

Aİ Şurası üzv ölkələrin Ukraynaya 35 milyard avro həcmində müstəsna makro maliyyə yardımı krediti göndərməyə razılaşdığını bildirdi.

Yeni maliyyə yardımı paketinə Aİ və G7 tərəfdaşları tərəfindən verilən 45 milyard avroya qədər kreditlərin qaytarılması üçün Ukraynaya dəstək mexanizmi daxildir.

Açıqlamada kreditin Ukraynanın təcili maliyyə ehtiyaclarını dəstəkləyəcəyi bildirilib və kreditin idarəetmə, nəzarət sistemləri və qanun pozuntularının qarşısının alınması ilə bağlı müxtəlif müddəaların yer alacağı qeyd edilib.

Bundan əlavə, bəyanatda AB-nin Ukraynaya verəcəyi kreditin maliyyələşdirilməsi üçün ediləcək borclanmanın AB büdcəsindən təminatla dəstəklənəcəyi və məqsədin kreditin bu il istifadəyə verilməsi olduğu bildirilib.

Bu mərhələdən sonra kreditin verilməsi üçün Avropa Parlamentinin təsdiqi tələb olunur.

G7 ölkələrinin liderləri iyun ayında Rusiyanın dondurulmuş aktivlərindən əldə olunan gəlirdən girov kimi istifadə edərək, Ukraynaya 50 milyard dollar kredit ayırmaq barədə razılığa gəliblər.

Rusiya-Ukrayna müharibəsi başlayandan bəri Qərb ölkələri Rusiyanın 300 milyard dollara yaxın aktivlərini dondurub. Bu məbləğin təxminən 200 milyard dolları Aİ ölkələrinin payına düşür.

Dondurulmuş aktivlər hər il milyardlarla dollar faiz gəliri gətirir. G7 ölkələri, xüsusən də ABŞ bu gəliri Ukraynaya dəstək vermək üçün istifadə etmək istəyir.

Rusiya dondurulmuş aktivlərin Ukraynaya verilməsinin “oğurluq” olduğunu bildirib. Kremlin sözçüsü Dmitri Peskov Qərbin Rusiya Mərkəzi Bankının ehtiyatlarını müsadirə edəcəyi təqdirdə ABŞ və Avropa ölkələrinə qarşı oxşar addımlar atacaqlarını açıqlamışdı.