İlon Maskdan Trampa dəstək 

Son 3 ayda 75 milyon dollar ianə edib

  ABŞ-də noyabrın 5-nə təyin edilmiş növbəti prezident seçkiləri üçün geri sayım davam edir. Respublikaçılar Partiyasının namizədi, sabiq Prezident Donald Tramp milyarder iş adamlarının dəstəyi ilə demokrat rəqibi Kamala Harrislə seçki ianələrindəki fərqi aradan qaldırmağa çalışır. “Sherg.az” “NTV.com.tr”yə istinadən xəbər verir ki, ABŞ-nin Federal Seçki Komissiyasının hazırkı məlumatlarına görə, amerikalı milyarder İlon Mask son 3 ayda (iyul-avqust-sentyabr aylarını əhatə edən dövrdə) Trampın seçki kampaniyasına ümumilikdə 75 milyon dollar ianə edib. Dəfələrlə Trampa açıq dəstəyini ifadə edən və bu yaxınlarda Respublikaçı namizədin seçki mitinqinə qatılan Maskın yay dövründə Trampın ianələrinin artmasında mühüm rolu olub. Digər tərəfdən, uzun müddətdir Trampın güclü tərəfdarı olan Miriam Adelson və Richard Uihlein kimi Respublikaçılar Partiyasının tərəfdarlarının bu müddət ərzində Trampa ianələrini artırdığı qeyd edilib. İsrailə verdiyi dəstək və Trampın 2016-2020-ci illərdə prezidentliyi dövründə İsrail lehinə addımlar atması üçün sıx səylər göstərməsi ilə tanınan Adelson ailəsi bu müddət ərzində Trampa 95 milyon dollar bağışlayıb. Digər milyarder iş adamı Uihlein eyni müddət ərzində Trampın seçki kampaniyasına ümumilikdə 50 milyon dollar ianə edib. FEC-in son məlumatlarına görə, Demokrat namizəd Kamala Harris son 3 ayda ümumilikdə 678 milyon dollar, Respublikaçı Tramp isə ümumilikdə 310 milyon dollar ianə toplayıb.