Böyük ehtimalla, Moldovanın gələcəyi Ukraynadakı vəziyyət sabitləşdikdən sonra məlum olacaq
Moldovada prezident seçkiləri və Avropa İttifaqına üzv olmağa dair Konstitusiya referendumu ilə bağlı səsvermə keçirilib. Seçici fəallığı seçkilərin və referendumun tanınması üçün tələb olunan 33,3 faizi keçib. Lakin namizədlərdən heç biri birinci turda qalib gəlmək üçün lazımi sayda səs toplaya bilməyib. Namizəd Maya Sanduya 640 min 881 seçici səs verib ki, bu da seçkilərdə iştirak edənlərin 42,07 faizinə bərabərdir. İkinci yeri Aleksandr Stoyanoqlo tutub. Onu 400 min 208 vətəndaş dəstəkləyib ki, bu da seçicilərin ümumi sayının 26,27 faizini təşkil edir. Beləliklə, noyabrın 3-də baş tutacaq ikinci turda Maya Sandu və rusiyayönümlü Aleksandr Stoyanoqlo mübarizə aparacaqlar. Onu da xatırladaq ki, 52 yaşlı M.Sandu 2020-ci ildən Moldova prezidentidir.
Bakı Politoloqlar Klubunun sədri, siyasi elmlər namizədi Zaur Məmmədov "Sherg.az"a deyib ki, dünyanın gözü Moldovada baş tutan seçkilər və ən əsası, referendumun nəticələrindədir. Ekspertin sözlərinə görə, həm seçkilər, həm də referendumun nəticələri moldovanların hazırda iki yerə parçalandıqlarını və mütləq çoxluğun olmadığını göstərdi:
"Referendumda Moldova sakinlərindən “Siz Moldova Respublikasının Avropa İttifaqına daxil olması üçün Konstitusiyaya dəyişiklik edilməsinin tərəfdarısınızmı” sualına cavab vermələri istənilib. Plebisitin etibarlı hesab edilməsi üçün seçki siyahılarına daxil olanların üçdə birinin orada iştirak etməsi lazım idi. Müvəffəqiyyətli olarsa, konstitusiyanın preambulasına bu sözlər əlavə olunacaqdı: “Moldova Respublikası xalqının avropalı kimliyini və Moldova Respublikasının Avropa kursunun dönməzliyini təsdiq edərək, Avropa İttifaqına inteqrasiyanı strateji əhəmiyyət kəsb edən elan etməklə”. Əsas qanun Moldovanın Aİ-nin təsisçi müqavilələrinə qoşulmasının parlament qanunu ilə müəyyən ediləcəyini bildirən yeni bölmə ilə tamamlanacaqdı. Orada həmçinin göstərilirdi ki, "bu müqavilələr və hüquqi aktlar daxili qanunvericiliyin ziddiyyətli müddəalarından üstün olacaq" . Bu referendum həm də, muxtar respublikalarda maraqlı nəticələrlə yadda qaldı. Qaqauziyada əhalinin 90 faizdən çoxu Aİ-yə "yox" deyərkən, Dnestryanı ərazidə iştirakçıların cəmi 60 faizi Qərbə "yox" deyib. Dnestryanı ərazi adətən Rusiyaya yaxınlığı ilə seçilir və ona görə bu nəticələr bir qədər təəccüblüdür".
Analitikə görə, digər maraqlı nəticə paytaxt Kişineula bağlıdır: "Burada əhalinin daha çox hissəsi Sanduya, əksəriyyəti isə referendumda Aİ-yə üzvlüyə səs verib. Gecə saatlarında çoxları referendumun nəticələri üzrə "lehinə" və "əleyhinə" arasında fərqin 10-15 faiz olacağını düşünürdü. Lakin növbəti günün erkən saatlarında paytaxtdakı nəticələrin hesablanmasından sonra "hə" və "yox" deyənlər arasında fərq demək olar ki, bərabərləşdi. Müxalifət MSK-nı günahlandırır, hakimiyyətin, diasporanın nəticələrə təsir etdiyini qeyd edir. Başqa məqam odur ki, 18-25 yaşlı gənclər sensasiya yaradıb. Əgər əvvəllər onların iştirakı maksimum 40-45 faiz civarında idisə, bu seçkilərdə gənclərin 60 faiz iştirakçılığı olub. Bu nəhəng sıçrayış yeni nəslin ölkənin gələcəyinə marağının artmasından xəbər verir. 56-75 yaş arası insanlar da qeyri-adi fəallıq nümayiş etdiriblər. Bu yaş qrupunun 80 faizdən çoxu səsvermədə iştirak edib. Bu hal ölkə üçün çox vacib siyasi qərarların alınacağı seçki və referendumda onların öz mövqelərini nümayiş etdirməsini göstərir. Çox güman ki, bu yaş kateqoriyasında olan insanların bu dəfə daha kütləvi halda iştirak etməsi həm seçkinin, həm də referendumun nəticələrinə təsir edən amillərdən biridir. Beləliklə, əgər prezident seçkilərində Qərb və Rusiyapərəst namizədlər arasında fərq yarı-yarıya deyildisə, referendumun nəticələri vətəndaşları tam olaraq 50-50-yə böldü. Bu həm də, əhalinin Plebissitə daha həssaslıqla yanaşması ilə bağlıdır. Çünki söhbət təkcə Moldovanın Aİ üzvü olmasından deyil, hansı ərazilərlə Qərbin ən vacib institutunun üzvü olmasından gedir. Nəticələr bir daha göstərdi ki, Gürcüstanda, Ukraynada, Ermənistanda olduğu kimi Moldovada da cəmiyyət iki hissəyə parçalanıb. Böyük ehtimalla, Moldovanın gələcəyi Ukraynadakı vəziyyət sabitləşdikdən sonra məlum olacaq. Ya parçalanan Moldovanı görəcəyik, ya da güclü və bütöv Moldovanı..".