Gürcüstanda keçiriləcək parlament seçkiləri “olum, ya ölüm” seçkilərinə çevrilməkdədir - ŞƏRH

Qərb də, Rusiya da bütün güclərini səfərbər edib



  "Oktyabrın 26-da qonşu Gürcüstanda keçiriləcək parlament seçkiləri ABŞ və Rusiyanın ucbatından gürcülər üçün həqiqətən də “olum, ya ölüm” seçkilərinə çevrilməkdədir".

 Bu barədə siyasi şərhçi, jurnalist Bəybala Mirzəyev deyib. 

Ekspert bildirib ki, Ağ Ev də, Kreml də bu seçkilərdən istifadə edərək Gürcüstanda siyasi çevriliş etmək istəyir:
 "Gürcüstan hazırda hər iki meqagücün Cənubi Qafqazda üstünlüyü ələ keçirmək uğrunda mübarizəsində həlledici, açar ölkə hesab olunur. Qarşıdakı seçkilərə kim daha güclü müdaxilə etsə və hakimiyyətə öz adamlarını gətirə bilsə, o da yaxın gələcəkdə nəinki Gürcüstana, hətta bütün Cənubi Qafqaza nəzarət etmək imkanını öz əlinə keçirəcək. Ona görə də Vaşinqton və Moskva Cənubi Qafqazda söz sahibi olmaq niyyəti ilə Gürcüstan da onların sözü ilə oturub-duranları hakimiyyətə gətirmək istəyir. Lüksemburqda keçirilən və Avropanın baş diplomatı Cozep Borrellin də iştirak edəcəyi Avropa İttifaqı Xarici İşlər Nazirləri Şurasının iclasında Gürcüstanla bağlı müzakirələrin aparılması da ABŞ-nin məlum planlarına xidmət edir".
  Analitikin fikrincə, hazırda həm Qərb, həm də Rusiya Gürcüstanda proseslərə nəzarəti ələ keçirmək üçün bütün güclərini səfərbər ediblər: "Hər iki tərəf Makiavellinin məşhur prinsipindən çıxış edərək öz məqsədinə nail olmaq üçün bütün legitim və qeyri-legitim vasitələri işə salıb. Bu da seçkiöncəsi siyasi gərginliyi daha da artırır, seçki ehtiraslarını bir az da qızışdırır. Bu arada Ermənistanda da həm iqtidar, həm də müxalifət dairələri Gürcüstandakı seçkiöncəsi prosesləri diqqətlə izləyir. Paşinyan və onun komandası hesab edir ki, təkcə gürcü xalqının yox, Ermənistanın da gələcəyi Gürcüstandakı seçilərdə qərbyönümlü və ya rusiyapərəst qüvvələrin qalib gəlməsindən asılı olacaq".