BRICS yeni dövrün yeni hədəfidir -ŞƏRH

Bu təşkilatla əməkdaşlıq ölkəmizə yeni iqtisadi dividendlər qazandırır

Rusiyada BRICS-in 16-cı sammiti öz işinə başlayıb. Oktyabrın 24-dək Kazanda davam edəcək sammitdə 26 dövlətin başçıları da daxil olmaqla, ümumilikdə 33 beynəlxalq nümayəndə heyəti iştirak edəcək. Sammitdə iştirak etmək üçün Azərbaycan, Türkiyə və Ermənistan rəhbərliyi də Kazana səfər ediblər. Rusiya Prezidenti Vladimir Putin BRICS sammitində iştirak etmək üçün Kazana gələn bütün liderlərlə “tet-a-tet” söhbət edib. Putinin köməkçisi Yuri Uşakov deyib ki, Putin BRICS sammiti çərçivəsində bir sıra ikitərəfli görüşlər keçirib və liderlərlə qeyri-rəsmi nahar edib. Uşakov bildirib ki, perspektivdə BRICS-in genişlənməsi tərəfdaş dövlət üçün filtr meyarı vasitəsilə baş verəcək: "Birlik tərəfdaş dövlət üçün vacib meyarlar barədə razılığa gəlib və BRICS-in gələcək genişlənməsi bu filtrdən keçəcək". O bildirib ki, 13 dövlətdən ibarət siyahı razılaşdırılıb: “Hələlik biz bu ölkələrin adlarını dərc etməmək qərarına gəlmişik, çünki onlarla ya BRICS-ə tamhüquqlu üzvlüyə, ya da hansısa müvafiq formada qoşulmağa hazır olmaları barədə danışmalıyıq”. BRICS ölkələri Ukrayna kontekstində bütün dövlətlərin “bütövlükdə və bir-biri ilə əlaqəli olaraq BMT Nizamnaməsinin məqsəd və prinsiplərinə uyğun hərəkət etmək” məsuliyyətini vurğulayıblar. Bu barədə qurumun Kazan Bəyannaməsində bildirilib. Bir il əvvəl olduğu kimi, BRICS iştirakçıları “Ukraynada və ətrafındakı vəziyyətlə bağlı milli mövqeləri” xatırladıb, həmçinin vasitəçilik təşəbbüslərini alqışlayıblar. Bəyannamədə Ukraynanın adı yalnız bir dəfə çəkilib. Bundan başqa, BRICS ölkələri yekun bəyannamədə kosmosda silahlanma yarışının qarşısının alınmasını dəstəkləyiblər. BRICS 2006-cı ildə Braziliya, Rusiya, Hindistan və Çin tərəfindən yaradılıb, 2011-ci ildə isə Cənubi Afrika birliyə qoşulub. 1 yanvar 2024-cü ildə Misir, İran, BƏƏ, Səudiyyə Ərəbistanı və Efiopiya BRİKS-in tamhüquqlu üzvləri olub. 

Millət vəkili Vüqar Bayramov "Sherg.az"a deyib ki, dünya əhalisinin 45 faizinin məskunlaşdığı BRICS ölkələri hazırda qlobal iqtisadiyyatın 37.4 faizini formalaşdırır. Deputat vurğulayıb ki, bu, illik 29 trilyon dollara yaxın Ümumi Daxili Məhsul (ÜDM) deməkdir:
 "BRICS artıq qlobal gücə çevrilib. Əgər 1992-ci ildə hazırda BRICS-ə üzv olan ölkələrin qlobal iqtisadiyyatı payı 16.7 faiz, Böyük Yeddilik dövlətlərinin qlobal ÜDM-də çəkisi 45.5 faiz idisə, ötən müddətdə G7-nin qlobal payı 29 faizədək azalıb. 2009-cu ildə yaradılan BRICS üzv ölkələri üçün inkişaf baxımdan yeni imkanlar yaratdı. BRICS-lə əməkdaşlığın genişləndirilməsi Azərbaycana nə vəd edir? Azərbaycan üçün BRICS ilə əməkdaşlığın genişlənməsi həm qeyri-neft ixracatının artırılması, həm də fərqli iqtisadi sahələrdə birgə layihələrin reallaşması baxımdan vacibdir. BRICS kifayət qədər geniş coğrafiyanı əhatə etdiyindən, bu, Azərbaycan sahibkarları üçün ixrac baxımdan yeni imkan kimi dəyərləndirilib. Digər tərəfdən, həmin dövlətlərdə Azərbaycanın qeyri-neft məhsullarına xüsusi tələb də var. Eyni zamanda BRICS ölkələri ilə turizm sahəsində əməkdaşlıq son illər daha da güclənib. Bu sahədə daha geniş əməkdaşlıq imkanları və potensial var". 

Parlament üzvünün sözlərinə görə, BRICS-lə əməkdaşlığın güclənməsi Azərbaycan üçün həmçinin öz iqtisadi potensialını təqdim etmək baxımdan da bir imkandır:
 "Bu aspektdən, bu əməkdaşlıq ölkəmizə yeni iqtisadi dividendlər qazandırır. Bu il üçün də həm ümumən sərmayə qoyuluşunun həcminin artırılmasına nail olmaq, o cümlədən investisiya portfelində qeyri-neft sektoruna yönəldilən xarici sərmayələrin payının artırılması əsas hədəflərdən biri kimi qarşıya qoyulub. Bu baxımdan BRICS ölkələrindən yeni sərmayələrin cəlbi imkanları yüksək qiymətləndirilir. BRICS-lə əməkdaşlığın güclənməsi yeni dövrün yeni hədəflərinin daha tez və səmərəli reallaşmasına töhfədir".
İqtisadçı-ekspert Eldəniz Əmirov isə bildirib ki, BRICS üzvü olan Braziliya il ərzində ölkəsini idxal məhsulları ilə təmin etmək üçün 240 milyard dollarlıq məhsul alır. Bunun yalnız 48 milyard dollarını BRICS ölkələrindən alır. Yəni yerdə qalan 80 faiz idxalı gercəkləşdirmək üçün Braziliyaya hər il 192 milyard dollar lazımdır: "Rusiya isə il ərzində 280 milyard dollarlıq idxal edir və bunun yalnız 15 faizi BRICS-in payına düşür. Yerdə qalan idxal üçün Rusiyaya 238 milyard dollar lazım olur. İldə 700 milyard dollarlıq idxal edən Hindistan isə cəmi 10 faizini BRICS ölkələri ilə edir. Yerdə qalan 630 milyardını dollar hesabına kənardan alır. Təkcə ABŞ-dən etdiyi idxalın həcmi bütün BRICS ölkələrindən etdiyi idxaldan az qala iki dəfə çoxdur. Cənubi Afrika da asılılıq məsələsində Hindistanla bənzər pay nisbətinə sahibdir. Çin isə idxaldan BRICS-dən kənar ölkələrdən daha çox asılıdır. İl ərzində 2 trilyon dollarlıq idxal edən Çin bunun cəmi 5 faizini BRICS-dən edir. Yerdə qalan 95 faizlik pay isə 1,9 trilyon dollar deməkdir. Ona görə də BRICS vahid valyuta yaradıb, aktiv istifadəyə başlasa belə, üzv ölkələr üçün dolları əvəz edə bilməz. Bəs BRICS valyutası özünü doğrulda bilərmi? Bəli, uzunmüddətli dövr üçün BRICS valyutası özünü doğrulda bilər, amma bunun üçün əhəmiyyətli siyasi və iqtisadi əməkdaşlıq tələb olunur. İqtisadi dünya nizamında dəyişikliklər baş verdikcə, perspektivlər də dəyişə bilər".