Abdullah Öcalan PKK silahlarını susduracaqmı?

Ankara PKK və onun himayədarlarını seçim qarşısında qoyur, mümkün olan sülh danışıqlarının vacibliyini önə çəkir

Türkiyə Milliyyətçi Hərəkat Partiyasının (MHP) sədri Dövlət Baxçalı sensasiya xarakterli çıxış edib. Dövlət Baxçalı MHP-nin qrup toplantısında PKK terror təşkilatının həbsdə olan lideri Abdullah Öcalandan danışıb. Öcalanı nəzərdə tutan MHP lideri “onun təcrid olunması aradan qaldırılarsa, Türkiyə Böyük Millət Məclisindəki qrup toplantısında çıxış etməli və terrora son qoyduğunu açıq şəkildə bəyan etməlidir” söyləyib. Baxçalı onu da deyib ki, Abdullah Öcalan PKK-nın siyasi qanadı sayılan DEM Partiyasının sıralarına qatılsın və silahı yerə qoyduğunu bəyan edib, terrorun tamamən bitdiyini, PKK-nın ləğv edildiyini hayqırsın: “Əgər o, bu fərasət və qətiyyəti nümayiş etdirərsə, “Ümid hüququ”ndan istifadə ilə bağlı hüquqi tənzimləmə aparılmalı və ondan bəhrələnməsinin yolu geniş açılmalıdır.
Nə Qəndil, nə də Ədirnə; ünvan İmralıdan DEM-ə qədər uzanmalı və bu ciddi və tarixi terror problemi ölkə gündəmindən tamamilə çıxarılmalıdır. Hodri meydan, biz buna hazırıq; Biz vətənimiz, millətimiz, dövlətimiz, bayrağımız, ümumi gələcəyimiz, tam müstəqilliyimiz naminə buna da sonuna qədər dözməyə hazırıq. Türkiyə və türk milləti üçün hər cür fədakarlığa, hər əziyyətə dözməyə, lazım olan hər addımı atmağa qərarlıyıq, sadiqik, tarix qarşısında deyirəm, and içmişik. “Yeni Yüzyıl, Yeni Həyat, Yeni Türkiyə” əsasında baqajı boşaldaq, milli ideallara birlikdə nail olaq. Üçüncü mühakimə cümləm belədir: Diyarbəkirli anaların səssiz qışqırtısı eşidilməli, övladlarına qovuşmalı, hamısının gülüşünə səbəb olmalı, problemin qaynağı olanlar hərəkətə keçməlidir. Bilinməlidir ki, bu da mənim uzatdığım əlin mesajıdır. Terrorçu üsullarla hər hansı yaxın və ya uzaq məqsədə nail olunduğu görülməyib və eşidilməyib. Dinc yollar olanda terrora əl atmaq şər, xəyanət, qətl və vəhşilikdir. Türk milləti separatçı terrorla yaşamağa məcbur deyil”. Baxçalı deyib ki, Türkiyə Cümhuriyyəti separatçı terror təşkilatını məhv etməyə qadirdir: “Kürd qardaşlarım, gəlin bir olaq, birlikdə olaq, bizimlə fitnə-fəsad törədənlərin arasına girmək istəyənləri tarixin zibilliyinə göndərək. İmanımız bir, qibləmiz bir, iradəmiz bir, bayrağımız bir, millətimiz bir, dövlətimiz bir, yaddaşımız bir, dərdimiz bir, gələcəyimiz bir, hamımız birik. Türkiyə Cümhuriyyətinin 101-ci ildönümündə yeni əsrin dastanını milli qucaqla əl-ələ yazaq; Ayrılmağı, parçalanmağı, parçalanmamızı gözləyənləri məhv edək!”.
Baxçalının PKK lideri Abdullah Öcalanla bağlı gözlənilməz çağırışı ölkədə bir çox siyasilər tərəfindən sərt qarşılanıb. Türkiyə Böyük Millət Məclisində (parlament) partiyasının deputatları qarşısında çıxış edən İYİ Partiyasının sədri Müsavat Dərvişoğlu MHP lideri Dövlət Baxçalını "topa tutub". O, Baxçalının Baş nazirin müavini olarkən Öcalanın həbs edilməsini yada salaraq sonradan onun Ərdoğana ünvanlı "bax, o terrorist başını mən asa bilmədim, sən as",- deyə kəndir atması anını təkrarlayıb. 

Siyasi şərhçi Aqşin Kərimov "Sherg.az"a deyib ki, Türkiyə, İran, İraq və Suriyaya yayılmış kürdlər üzərindən qurulan beynəlxalq oyun qaydaları Ankaranın dominant təhlükəsizlik narahatlığı olaraq qalmaqdadır. Ekspertin sözlərinə görə, indi Baxçalının dili ilə konseptual olaraq, “hə” və “yox” cavabını eşitmək üçün iki məsələni gündəmə gətirir: 
"Ankara Abdullah Öcalanı “PKK silahı yerə qoysun” çağırışına məcbur etməklə, PKK və onun himayədarlarını seçim qarşısında qoyur, mümkün olan sülh danışıqlarının vacibliyini önə çəkir. Bu baş vermədiyi təqdirdə Ankara İraqın Şimalında İraq Kürdüstanının əhəmiyyətli dəstəyi ilə PKK-ya qarşı mübarizəni, Suriyadakı əməliyyatlarla paralelləşdirmək istəyir. Yəni PKK Türkiyəyə qarşı mübarizədən əl çəkməsə, Türkiyənin anti-PKK müdaxilələrinin miqyasını formalaşdıran siyasi mühit formalaşdırılır. Prosesin geniş kontekstdə oxunması üçün Türkiyə ilə İsrailin regiondakı kürd amili ilə əlaqədar oxşar görünə bilən maraqlarına diqqət yetirmək lazımdır. Çünki İsrail-Kürd münasibətləri yüksək səviyyədə məxfilik şəraitində formalaşdırılıb və 1967-ci ilin Altıgünlük müharibəsindən sonra daha da dərinləşib. Kürd-İsrail əlaqələrinin geosiyasi mətninin yazılmasında Türkiyənin də mövqeyi önəmlidir, hərçənd ki, Təl-Əvivlə Ankara arasında dərinləşən və kəskinləşmiş münasibətlər bu prosesdə maneələr yaradır. İsrailin kürd amilini qucaqlaması onun Şimali İraqdakı mövqelərini möhkəmləndirir və bunun yönəldilə biləcəyi məqsədləri izah edir". 
Analitikə görə, bu məqamda İsraillə Türkiyənin Yaxın Şərq geosiyasi strategiyasının bir hissəsi kimi Şimali Kürdüstanla ittifaq qurmaq məqamında maraqlarının səhnənin arxasında kəsişib-kəsişmədiyini dəqiqləşdirmək mürəkkəbdir: "Hərçənd ki, İsrail Türkiyənin Suriyanın şimalında PKK-ya qarşı həyata keçirdiyi əməliyyatları müdaxilə kimi qiymətləndirərək, onları pisləyib. 
Kürdlərlə güclü münasibətlərin olması İsrail üçün geosiyasi sərvətdir, çünki bu, İsrailə bölgədə daha çox güc verəcək. Görünür ki, Türkiyə ya bu gücü parçalamaq istəyir, ya da ki, İsraillə mümkün perspektiv əməkdaşlıq əlaqələrindəki kürd strategiyasını bölüşdürmək niyyətini güdür".