Müstəqillik, suverenlik və dövlətçilik əsas məsələdir
Gürcüstanda keçiriləcək parlament seçkiləri dünyanın müxtəlif geosiyasi güc mərkəzlərinin nəzarəti altındadır. Qərb bu taleyüklü siyasi proseslərə təsir göstərmək niyyətində olduqlarını qətiyyən gizlətmək istəmir. Gürcüstanda olan qərbyönümlü qüvvələr bu mərhələdə açıq fəaliyyətə başlayıblar. Digər tərəfdən, ölkənin hakim partiya nümayəndələri fərqli mövqedən çıxış edərək əsasən milli maraqların qorunmasını, müstəqil daxili və xarici siyasətin yürüdülməsini prioritet sayırlar. Bununla yanaşı, Qərb Gürcüstan hökumətini iqtisadi sanksiyalarla hədələməkdən də çəkinmir. Belə bir təəssürat yaranır ki, Gürcüstanda hazırkı hakimiyyətin cəzalandırılması, əhalinin hakimiyyətə qarşı qaldırılması istiqamətində işlər aparılır. Bu baxımdan Gürcüstanda hakimiyyət dəyişikliyi Azərbaycanla birgə icra olunan mühüm iqtisadi layihələrə də ciddi təsir göstərə bilər. Gürcüstanın bugünkü hakimiyyəti və gürcü xalqının mütləq əksəriyyəti ölkənin parlaq gələcəyini haqlı olaraq Azərbaycanla sıx əməkdaşlıqda, strateji tərəfdaşlıqda görürlər. İndiyədək iki müstəqil dövlət arasında 160-dan çox rəsmi sənəd imzalanıb ki, bunlar iqtisadiyyat, enerji, nəqliyyat, elm, təhsil, mədəniyyət və digər sferaları əhatə edir. Bu anlamda Gürcüstanda mövcud hakimiyyətin uzunömürlü olması Azərbaycanın maraq dairəsindədir. Eyni zamanda Gürcüstanın indiki hakimiyyəti də Azərbaycanla hərtərəfli əlaqələrin daha da inkişaf etdirilməsinə ciddi səy göstərirlər. Gürcüstanda növbəti parlament seçkilərinə xarici müdaxilədən ehtiyatlanırlar. Gürcüstan parlamentinin spikeri Şalva Papuaşvilinin açıqlaması da bundan xəbər verir. Spiker qeyd edib ki, bir sıra məqamlar Gürcüstanda hökumət çevrilişinə hazırlıqların davam etdiyini göstərir: “Bir çox hallar göstərir ki, oktyabrın 27-nə və qeyri-konstitusion hökumət dəyişikliyinə hazırlıqlar davam edir. Bunu çevriliş və ya başqa bir şey adlandıra bilərsiniz. Bu, 2020-ci ildəki cəhdin təkrarıdır”. Spiker, həmçinin müxalifətin seçki kampaniyasının ölkə xaricindən idarə olunduğunu əlavə edib.
Qeyd edək ki, bir neçə gün öncə Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun təşəbbüsü ilə Tbilisidə “Gürcüstan və Azərbaycan QHT-lərinin ictimai iştirakçılıqla bağlı informasiya mübadiləsi” mövzusunda beynəlxalq konfrans baş tutub. Azərbaycan və Gürcüstanın vətəndaş cəmiyyəti ekspertlərinin iştirak etdiyi tədbirdə hər iki ölkədə QHT sektorunda görülən işlərə, eləcə də bəzi çağırışlara diqqət yetirilib. Çıxış edənlər bir sıra Qərb ölkələrinin regionda qeyri-hökumət təşkilatları vasitəsilə öz nüfuzunu gücləndirməyə çalışdığını, zərərli ideologiyalar yaymağa cəhd etdiyini, region ölkələrinin milli maraqlarına zidd olan müxtəlif fəaliyyətləri maliyyələşdirməyə çalışdığını qeyd ediblər. Onlar Azərbaycan və Gürcüstan QHT-lərinin milli maraqların qorunması baxımından əməkdaşlığının vacibliyini vurğulayıblar. Tədbirdə, həmçinin iki ölkə arasında dostluq və əməkdaşlıq əlaqələrinin qədim tarixi olduğu, QHT sektorunda əlaqələrin dərinləşdirilməsi ilə bu münasibətlərə töhfə verilməsinin önəmi qeyd olunub. Konfransda Azərbaycan Milli QHT Forumunun təşəbbüsü ilə COP29 çərçivəsində yaradılan “COP29 QHT Koalisiyası”nın fəaliyyəti, bu koalisiyada Gürcüstan QHT-lərinin iştirakı məsələsi də müzakirə edilib. Qeyd olunub ki, sözügedən koalisiyaya artıq 72 ölkədən 350 QHT qoşulub və bu, Azərbaycanın vətəndaş cəmiyyətinin böyük uğurudur.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli "Sherg.az"a deyib ki, tədbirdə Gürcüstan QHT-ləri, vətəndaş cəmiyyəti ekspertləri, eyni zamanda Azərbaycan QHT-ləri iştirak ediblər. Onun sözlərinə görə, görüşdə Azərbaycan və Gürcüstanın regionda müstəqil siyasət həyata keçirməsinin, bölgə üzrə gündəmin müəyyən olunmasında söz sahibi olmasının bir sıra dövlətləri qıcıqlandırması ilə bağlı müzakirələr aparılıb:
"Son dövrlərdə Gürcüstanla bağlı Qərbin siyasi institutlarında, mediasında təzyiq xarakterli yazılar gedir, qətnamələr qəbul olunur, bəyanatlar verilir. Gürcüstanı sanksiyalarla hədələyirlər. "Xarici agentlər haqqında" qanun, eyni zamanda LGBT ilə bağlı təbliğatın qadağan olunması ilə bağlı bəhanə edərək Gürcüstana qarşı xeyli təzyiqlər müşahidə olunmaqdadır. Azərbaycan QHT-ləri Gürcüstanda vəziyyətin sabit olmasında maraqlıdır. Biz milli-mənəvi dəyərlərin qorunması, eyni zamanda Gürcüstanın müstəqilliyinin və suverenliyinin möhkəm olması istiqamətində aktiv fəaliyyət göstərən QHT-lərlə əməkdaşlıq edirik. Birgə tədbirimiz də buna sübutdur. Biz eyni zamanda Gürcüstan QHT-lərini “COP29 QHT Koalisiyası”nın fəaliyyətinə cəlb etmək təklifini verdik. Artıq onlardan bir neçəsi koalisiyaya qoşulub və bizimlə aktiv əməkdaşlıq edəcəklər. Hesab edirik ki, Gürcüstanda müstəqillik, suverenlik və dövlətçilik istiqamətində çalışan təsisatlar seçkidən sonra da öz fəaliyyətlərini davam etdirəcəklər. Qərbin müxtəlif ölkələrinin təzyiqləri bu sahədə hər hansı dəyişikliyə imkan yaratmayacaq”.
R.İsgəndərli qeyd edib ki, Azərbaycan da müəyyən dövrlərdə Qərbin, xüsusilə ABŞ, Fransa tərəfindən təzyiqlərə məruz qalıb:
"Onlar istəyirlər ki, Azərbaycan onların dediklərinə əməl etsin. Lakin bu, əlbəttə, mümkün deyil. Bizim əməkdaşlıq etdiyimiz QHT-lər isə regionda sülhün, sabitliyin və təhlükəsizliyin tərəfdarlarıdır. Bu sahədə bizim əməkdaşlığımız davam edəcək".