Ukrayna savaşı 2025-ci ilə keçəcək -PROQNOZ

Rusiya-Ukrayna müharibəsi faktiki olaraq tərəflərdən birinin inadının qırılmasından asılıdır 


  “Ukraynanın döyüş meydanında itkilərini dilə gətirməkdənsə, danışıqlar masasına oturmaq daha yaxşıdır”. Bunu Rusiya Prezidenti Vladimir Putin deyib. Kreml rəhbəri bildirib ki, Rusiya reallıqlara əsaslanaraq, Ukrayna ilə bağlı sülh sazişlərinin istənilən variantını nəzərdən keçirməyə hazırdır. Putin Ankaranın təklif etdiyi və Moskvanın razılaşdığı yeni danışıqlar təklifinə də toxunub. O bildirib ki, bu təklifin səhəri  Zelenski heç bir danışıqlar aparmayacağını açıqlayıb: “Bu yaxınlarda yenə cənab Ərdoğanın köməkçisi zəng edərək danışıqlarla bağlı yeni təkliflərin olduğunu söylədi. Lakin ertəsi gün Kiyev rejimi heç bir danışıqların olmayacağını elan etdi. Ukraynanın ötən il əks-hücum zamanı itkiləri 16 min nəfər təşkil edib. Son bir ayda isə Ukrayna Kursk istiqamətində 26 min əsgər itirib”. Gürcüstanın Baş naziri İrakli Kobaxidze də deyib ki, Ukraynadakı döyüşlər ən geci 2025-ci ilin ortalarında başa çatacaq. 

  Politoloq Turan Rzayev "Sherg.az"a deyib ki, Kobaxidzenin sözlərində həqiqət var və hazırda Rusiya müharibədə üstün tərəfdir. Onun sözlərinə görə, Moskva Kursk istiqamətində böyük əməliyyata hazırlaşır:
 "Hətta KXDR-dən 10-12 minlik qüvvə “təlim” adı ilə prosesə cəlb edilib. Kremlin planı Kurskda Ukraynanı məğlub edib, bütün cəbhəboyu hücumları intensivləşdirmək, beləcə Kiyevi sülh müqaviləsinə məcbur etməkdir. Bundan başqa, Qərbdə də müharibə ilə bağlı yekdil fikir yoxdur. Belə ki, müharibə tərəfdarı ölkələr qədər müharibə əleyhdarı ölkələr də var. Son vaxtlar isə müharibə əleyhdarlarının sayı artır. Qərbin Rusiya neft-qazına ehtiyacı var. Müxtəlif cəhdlərə, alternativ ölkələrə baxmayaraq, rus qazından asılılıq aradan qalxmır. Bu il isə payız və qış ayları Avropa üçün əsl sınaq olacaq. Qərb enerji böhranı səbəbi ilə digər sahələrdə qiymət artımlarının qarşısını ala bilmir.
  Ukraynanın cəbhədə arzuolunan uğur qazana bilməməsi, Rusiyanın iqtisadi baxımdan istənilən səviyyədə zəifləməməsi Qərbin rus qazından asılılığı prosesini yekunlaşdıra bilər. Rusiya-Ukrayna müharibəsi faktiki olaraq tərəflərdən birinin inadının qırılmasından asılıdır. Qərb üçün 2025-ci il çətin keçəcək. Xüsusilə min bir əziyyətlə Rusiyanı sıxışdırıb çıxardığı Ukrayna və Gürcüstanda nəzarəti itirmə ehtimalı var".