Qərb Türkiyənin BRICS-ə yaxınlaşmasından narahatdır

Bu qüvvələr PKK-çıların son terror aksiyasi vasitəsilə Ərdoğana xəbərdarlıq mesajı göndəriblər


  "Ankarada Türk Aviasiya və Kosmik Sənaye Şirkətində törədilmiş terror aktından bir gün əvvəl MHP lideri Dövlət Baxçalı qrup tolantısındakı çıxışında PKK lideri Abullah Öcalanın əfvinə işarə edən nitq söyləmişdi". 

Bu sözləri "Sherg.az"a politoloq Elxan Şahinoğlu deyib. 

Ekspert bildirib ki, Türkiyə hakimiyyəti PKK-çıların tərksilah olunması qarşılığında 25 il həbsdə yatan 75 yaşlı Öcalanın sərbəst buraxılmasını istisna etmir: 
"Ancaq terror aksiyasi məsələnin bu qədər sadə həll olunmayacağını göstərir. PKK-nın içində fərqli qüvvələr heç də tərksilah olunmaq marağında deyillər. PKK-nın Kandil dağındakı lideri Cəmil Bayık müsahibələrinin birində Abdullah Öcalanın “silahı yerə qoyun” əmrini avtomatik yerinə yetirməyəcəklərini belə izah etmişdi: “Abdullah Öcalan Türkiyə hökumətinin girovluğu altındadır”. Cəmil Bayık bununla demək istəmişdi ki, Öcalan həbsdən azad olunmaq üçün Türkiyə hökuməti ilə razılığa gələrsə, bu, PKK-nın həmin razılığa uyğun olaraq tərksilaha əməl edəcəyi anlamına gəlməyəcək".

  Analitikə görə, Türkiyədə son terror hadisəsini xarici qüvvələrlə əlaqələndirənlər də var:
 "Onlar Prezident Rəcəb Tayyib Ərdoğanın BRICS toplantısında iştirak etmək məqsəsilə Kazan şəhərinə səfərinə işarə edirlər. Ankarada terror hadisəsi baş verərkən Ərdoğan rusiyalı həmkarı Vladimir Putinlə görüşə hazırlaşırdı. Yəni Türkiyədəki bəzi siyasi və ekspert dairələrinin fikrincə, Qərbdə Türkiyənin BRICS-ə, o cümlədən Şanxay Əməkdaşlıq Təşkilatına üzvlük istəyindən narahatlıq keçirən qüvvələr var və bu qüvvələr son terror aksiyasi vasitəsilə Ərdoğana xəbərdarlıq mesajı göndəriblər".