Qərb öz məqsədlərinə nail ola bilmədi
Gürcüstanda 26 oktyabrda keçirilən parlament seçkiləri baş tutdu və nəticələr elan olundu. Hakim "Gürcü Arzusu" partiyası 54,2 faiz səslə seçkinin qalibi oldu. Parlamentə düşən 4 müxalif partiya isə seçkinin saxtalaşdırıldığını və nəticələri tanımadığını elan etdi. Tezliklə ölkədə etiraz aksiyalarının keçirilməsinin anonsu da verildi. Gürcüstan hökuməti isə aksiyalara və ya dövlət çevrilişi cəhdinə sərt reaksiya veriləcəyini bildirdi. "Gürcü Arzusu" parlament seçkisində ən böyük etnik qrupların səslərini də almağı bacardı. Azərbaycanlıların yaşadığı Kvemo-Kartli bölgəsində üstünlük hakim partiyada oldu. "Gürcü Arzusu" bu bölgədə Gürcüstan üzrə ən yaxşı nəticələrini göstərdi. Gürcüstan prezidenti Salome Zurabişvili parlament seçkilərinin nəticələrini tanımaqdan imtina etdi və onların total şəkildə saxtalaşdırıldığını söylədi. Hətta Zurabişvili bazar ertəsi Tiflisdə parlament binası qarşısında əhalini etiraz aksiyasına çağırdı. Sabiq prezident Mixail Saakaşvili də müxalifəti etiraza səsləyib. O hesab edir ki, müxalifətin parlament seçkilərində məğlubiyyətindən sonra kütləvi etirazların vaxtı çatıb: "Heç kim parlamentə getməməlidir. İndi başımıza kül səpməyin və aldandığımızdan narahat olmağın vaxtı deyil. İndi kütləvi etirazların vaxtıdır. Biz dünyaya göstərməliyik ki, azadlıq uğrunda mübarizə aparırıq və ədalətsizliyə dözməyəcək insanlarıq". Nəticələri tanımayan müxalif “Dəyişiklik Koalisiyası” deputat mandatlarından və dövlətin maliyyələşdirilməsindən imtina edib. Gürcü müxalifətinin etirazlarına xaricdən də dəstək gəlib. Avropa Şurasının Prezidenti Şarl Mişel deyib ki, Gürcüstan məsələsi noyabrda Budapeştdə keçirilməsi planlaşdırılan Avropa Şurasının qeyri-rəsmi iclasının gündəliyinə daxildir: “Gürcüstanda keçirilən parlament seçkilərindən sonra mən Gürcüstan məsələsini Avropa Şurasının Budapeştdə planlaşdırılan qeyri-rəsmi iclasının gündəliyinə daxil etmək qərarına gəldim”. O qeyd edib ki, Gürcüstandakı seçki pozuntuları tez, şəffaf və müstəqil şəkildə ciddi şəkildə araşdırılmalıdır. ATƏT, AŞPA, NATO və Avropa Parlamentinin birgə missiyasının qənaətinə görə, Gürcüstan parlamentinə seçkilərin proseduru yaxşı təşkil olunub, səs vermək üçün geniş seçim olub, ancaq partiyaların maliyyələşdirilməsində bir balanssızlıq, dövlət məmurlarına təzyiq və çox sayda seçici qorxutma halları var. Almaniya, Kanada, Estoniya, İrlandiya, İtaliya, Latviya, Litva, Polşa, İsveç və Ukrayna hökumətləri də birgə bəyanatla çıxış edərək, Gürcüstandakı parlament seçkilərini tanımadıqlarını açıqlayıblar. Qeyd edilib ki, Gürcüstanda keçirilən seçkilər xalqın iradəsini əks etdirmir. ABŞ Dövlət Katibi Entoni Blinken də Gürcüstan rəhbərliyinə seçki prosesindəki çatışmazlıqları aradan qaldırmaq, “fundamental azadlıqları baltalayan” qanunları ləğv etmək çağırışları edib. Ekspertlərə görə, bu nəticələr "Gürcü Arzusu"nun tam qalib gəldiyini və hökuməti təkbaşına formalaşdıracağını göstərir. Buna baxmayaraq, hakim partiya arzuladığı konstitusiya çoxluğunu əldə edə bilmir. Bundan ötrü Gürcüstan parlamentindəki 150 yerin 113-nə sahib olmaq lazımdır. Hazırkı nəticələr isə "Gürcü Arzusu"na 89-90 mandat vəd edir.
Qeyd olunduğu kimi Gürcüstandakı soydaşlarımız da seçki prosesində və nəticələrdə önəmli rol oynayıblar. Onlar Azərbaycan dövlətinin və Prezidentinin regional siyasətini, Azərbaycan-Gürcüstan münasibətlərinin möhkəmlənməsi və inkişafına yönəlmiş siyasətini dəstəkləyiblər. Gürcüstanda 300 mindən çox azərbaycanlı yaşayır. Azərbaycanlı seçicilərin hakim partiyanın ümumi səslərinin formalaşmasında 7-8 faiz payı var. Bölgə təsir imkanlarına görə ceçki prosesində və Gürcüstanın siyasi arenasında vacib və hətta həlledici potensiala malikdir. Seçkilərin nəticələri Qərbin Gürcüstanda yürütdüyü siyasətə və regionda ayırıcı xətlər yaratmaq siyasətinə də böyük zərbədir. Gürcüstan vətəndaşları Qərbin regionu parçalamaq və müharibə ocağına çervirmək siyasətinə qarşı çıxış etdilər. Əgər seçkilərin nəticəsi başqa cür olsaydı, burada Qərbin adamı olan prezidentlə birlikdə regionu parçalamaq, bölgədə 2-ci cəbhə açmaq və Qərbin müstəmləkəsinə çevrilmək siyasəti olacaqdı. Ümid edirik ki, Gürcüstan hakimiyyəti, hakim partiyası bundan sonra azərbaycanlıların problemləri ilə daha yaxından maraqlanacaq və onların həlli istiiamətində real addımlar atacaq.
Azərbaycan Milli Qeyri-Hökumət Təşkilatları Forumunun İdarə Heyətinin sədri Ramil İsgəndərli də vurğulayıb ki, yerli azərbaycanlılar Gürcüstanda keçirilmiş parlament seçkilərində hakim “Gürcü Arzusu” partiyasının qələbəsində böyük pay sahibi olub ki, bu da hökumətin gələcəkdə onların sosial-iqtisadi vəziyyəti ilə bağlı məsələlərdə daha diqqətli olmasını tələb edir: “Gürcüstan xalqı sabitliyə, əmin-amanlığa, milli-mənəvi dəyərlərin qorunmasının davam etdirilməsinə səs verdi, dəyərlərə zidd təbliğatı qəbul etməməklə öz səslərini suveren, müstəqil, Gürcüstan siyasətinin davamına verdilər. Seçkinin nəticələri bizim üçün təəccüblü olmadı. Bir neçə gün əvvəl Tbilisidə Gürcüstan QHT-ləri ilə birgə ictimai iştirakçılıqda QHT-lərin roluna dair mövzuda baş tutmuş konfransda fikir mübadiləmiz olmuşdu. O görüşdə də QHT-lərin seçkidə mühüm rol oynayacağına, onların Gürcüstanın müstəqilliyinə səs verəcəyini görürdük. Bir sıra Qərb ölkələrinin təzyiqinə baxmayaraq, Gürcüstan xalq başa düşdü ki, gələcəkdə region ölkələri ilə əməkdaşlıq, xüsusilə Azərbaycanla əməkdaşlığın davam etdirilməsi, bölgədə sabitliyin qorunması istiqamətində Gürcüstan dövləti öz fəaliyyətini davam etdirməlidir".
Millət vəkili Azər Badamov "Sherg.az"a açıqlamasında deyib ki, qonşu Gürcüstanda keçirilən seçkilərdə xalqın aktivliyi müşahidə olundu. Deputat vurğulayıb ki, seçki prosesində birbaşa müşahidə aparan həmkarlarının da qeyd etdiyi kimi seçkilər çox demokratik şəkildə keçirildi:
"Ölkədə gürcü xalqına öz iradəsini sərbəst şəkildə ifadə etmək üçün şəraitin yaradıldığı bildirildi. Xalq "Gürcü Arzusu" partiyasını dəstəklədi. Bu dəstək həm də Gürcüstanın yenidən bütövləşməsinə verilən dəstəkdir. Müxaifət xalqın seçimi ilə razılaşmalı olacaq. Seçkilər göstərdi ki, çoxsaylı müdaxilələrə və seçki prosesinə təsir göstərmək cəhdlərinə baxmayaraq, Qərb öz məqsədlərinə nail ola bilmədi. Qərb müstəqil siyasət yürüdən ölkələri öz iradəsinə tabe etdirməkdə maraqlıdır. Ona görə də demokratik dəyərləri şüar edərək insanları yoldan çıxartmağa və dövlətlərin qazandıqları müstəqillikləri əllərindən almağa çalışırlar. Gürcü xalqı seçimini etməklə Qərbə "yox" dedi. Dost ölkənin deputatı olaraq gürcü xalqını doğru seçim etdiklərinə görə təbrik edirəm. Biz yaxın qonşular və dost ölkələr olaraq bir-birimizin inkişafını və müstəqilliyin əbədi olmasını arzulayırıq. Bu baxımdan Qərbin bütün cəhdləri Cənubi Qafqazda iflasa məhkum olacaq".