Elxan Şahinoğlu: İsrail ABŞ-nin məsləhətini nəzərə alaraq İrana məhdud zərbə vurub

Məsələnin yekunlaşması Tehrandan asılı olacaq. İrandakı rejim İsraillə davamlı müharibədən çəkinir


  İsrail İranda bir sıra obyektlərə hücum təşkil edib. Hücum F-35-lər də daxil olmaqla, 100-dən çox müasir qırıcılar vasitəsilə həyata keçirilib. İsrail İrana zərbələr zamanı Tehranın cənub-şərqindəki iki gizli hərbi bazaya da ziyan vurub. "Asoşeyted Press" agentliyinin məlumatına görə, İranın əvvəllər nüvə silahı üçün partlayıcıları sınaqdan keçirdiyi ehtimal olunan Parçin hərbi bazasında bəzi binalar zədələnib. Analitik Devid Olbrayt əlavə edib ki, iranlıların nüvə proqramı çərçivəsində sınaq üçün istifadə etdikləri Parçindəki Talehan-2 binası zədələnib. Analitiklərin fikrincə, yeraltı tunellər və raket istehsalı sahələri ola biləcəyi təxmin edilən Xocir hərbi bazasında da dağıntılar qeydə alınıb. İran rəsmiləri bazalara hər hansı ziyan dəydiyini etiraf etməyib. Lakin hücum zamanı hava hücumundan müdafiə sistemləri ilə işləyən 4 əsgərin həlak olduğunu təsdiqləyiblər. İsrail mediası yazıb ki, İsrail İrana zərbə endirməklə gələcək mümkün hücumun da “məşqini” edib. Bildirilib ki, hücum 3 dalğadan ibarət olub: birinci dalğada İranın hava hücumundan müdafiə sistemləri, ikinci və üçüncü dalğada isə raket və dron bazaları, o cümlədən hərbi istehsal müəssisələri hədəf alınıb. İddiaya görə, İsrail İranın hava hücumundan müdafiə sistemini sıradan çıxarmaq imkanlarını yoxlayıb. Belə ki, 26 oktyabr zərbəsindən sonra ekspertlər İsrail qırıcılarının alçaq hündürlükdən uçmaqla İran səmasına daxil olmasının mümkünlüyünü müəyyən ediblər. İranın dini lideri Əli Xamenei hücuma görə İsraili təhdid edib: “Sionist rejim səhv etdi. İranla bağlı hesablamalarında yanlışa yol verdi. İran xalqının hansı güc, qabiliyyət, təşəbbüs və iradəyə malik olduğunu göstərəcəyik”. 
  İran Prezidenti Məsud Pezeşkian da deyib ki, İran münaqişəni qızışdırmaq istəmir, lakin eyni zamanda ərazisinə hücumuna görə İsrailə müvafiq şəkildə cavab vermək hüququnu özündə saxlayır: "Xalqımızın və ölkəmizin hüquqlarını müdafiə edəcəyik, biz İsrailin təcavüzünə müvafiq cavab verəcəyik. İsrailin təcavüzü və cinayətləri davam edərsə, gərginlik artacaq və bilirik ki, Birləşmiş Ştatlar İsraili bu faciələrə təhrik edir. ABŞ bizə qarşı müharibəni dayandıracağını vəd edib, lakin vədinə əməl etməyib". 

  Politoloq Elxan Şahinoğlu "Sherg.az"a deyib ki, İsrail İranın uranın zənginləşdirilməsi və neft istehsalı mərkəzlərinə zərbə vurmayıb. Ekspertə görə, İsrail ABŞ-nin məsləhətini nəzərə alaraq İrana məhdud zərbə vurub: 
"ABŞ Yaxın Şərqdə indiki şərtlər altında hələ ki, bu ölkə ilə müharibənin davam etdirilməsini istəmir. Məsələnin yekunlaşması Tehrandan asılı olacaq. İrandakı rejim İsraillə davamlı müharibədən çəkinir. Ona görə, İsrailin zərbələrinin İranın hərbi infrastukturuna ciddi xələl yetirilmədiyi müəyyənləşərsə, Tehran düşməninə qarşı növbəti zərbədən çəkinəcək. Ancaq bu son olmayacaq. İsrail Yaxın Şərqdəki düşmənlərinə qarşı müharibəni davam etdirir, İranın müxtəlif ölkələrdəki silahlı qruplarını neytrallaşdırır. Deməli, hansısa mərhələdə İran-İsrail qarşıdurması yenidən qaçılmaz olacaq". 
  
Analitik qeyd edib ki, İsrailin İrana hücum etdiyi gün ölkənin cənub-şərqindəki Sistan və Bəlucistan əyalətində iranlı sərhədçilər həlak olub: 
"Sistan və Bəlucistan İranın ən həssas bölgələrindəndir. Bu bölgə silahlı qrupların tez-tez İran qüvvələrini hədəf aldığı hücumları və adam oğurluğu ilə məşhurdur. Son hücumlara görə məsuliyyəti “Ceyş əl-Adl” (ərəbcə “Ədalət Ordusu”) öz üzərinə götürüb.  Qruplaşma bu il ərzində İran silahlı qüvvələrinə bir neçə dəfə hücum ediblər. Nəticədə onlarla İran hərbçisi həlak olub. Bəluclar İran hakimiyyətində təmsil olunmayıblar. Bəlucların bir qismi Tehranın onlara qarşı məzhəb ayrı-seçkiliyindən şikayətçidirlər. Digər tərəfdən, Bəlucistan İranın ən kasıb əyalətidir. Bu amillər “Ceyş əl-Adl” qruplaşmasına Bəlucistanda terror hücumları təşkil etmək üçün zəmin yaradır. Silahlı bəluclar İrana qonşu olan Pakistana da problemlər yaradırlar. İran İslam İnqilabı Keşikçiləri Korpusu bu ilin yanvar ayında “Ceyş əl-Adl” qruplaşmasının Pakistandakı mövqelərinə zərbələr endirmişdi. Pakistan da buna cavab olaraq İran ərazisinə zərbələr endirdi. İki ölkə öz aralarında münasibətləri gərginləşdirməmək üçün bununla kifayətləndilər. Terrorçu qruplaşmanın sərhəddəki həmlələri hər iki ölkə üçün ciddi problemlər yaradır. İran İsraillə gərginlik içərisində olarkən “Ceyş əl-Adl” terrorçu təşkilatı ilə mübarizəni də gücləndirmək məcburiyyətindədir".