ABŞ kəşfiyyatı bir müddət prosesi seyr edəcək və sonra yekun qərar veriləcək
Fətullahçı terror təşkilatının (FETÖ) lideri Fətullah Gülənin ölüm xəbəri yayılar-yayılmaz təşkilata liderlik uğrunda mübarizə şiddətlənib. Jurnalist Altan Sancar terror təşkilatı daxilində liderlik yarışının pik həddə çatdığını deyib: "Söhbət milyardlarla dollarlıq kapitaldan gedir, bu kapitala kim nəzarət edəcək?". Sancar açıqlamasında terror təşkilatı lideri Gülənin dəfnindən sonra yeni bir düyünün yaranacağını söyləyib: “Söhbət təkcə dövlət çevrilişinə cəhd edən, vətəndaşları öldürən, “Ergenekon” və “Balyoz” sui-qəsdləri quran bir təşkilatdan deyil, həm də bir quruluşdan danışırıq. Onun şəbəkəsinə milyardlarla dollar kapital daxildir. Maraqlıdır, bundan sonra hansı struktur formalaşacaq? Bu tortu kim bölüşəcək?". Qeyd edək ki, 2016-cı ildə FETÖ Türkiyədə dövlət çevrilişinə cəhd göstərib və həmin vaxt 250-dən çox insan həlak olub. Həmin andan sonra FETÖ-yə qarşı ciddi mübarizə başlayıb. Təşkilat siyasi gücünü əvvəlki qədər qoruyub saxlaya bilməyib. Reallıq ondan ibarətdir ki, bu təşkilat fərqli ideologiya və məqsədlər əsasında yaradılaraq fəaliyyət göstərib. Fəaliyyət istiqamətlərini ümumiləşdirdikdə bəlli olur ki, bu qurum bütünlüklə siyasiləşib və okeanın o tayından gələn təlimatları dövlətə xəyanət yolu tutub. Gülənçilər siyasi məsələlərə müdaxilə etməkdən çəkinməyiblər. FETÖ camaatına illər boyunca son məqsədə çatmaq üçün bütün vasitələrə əl atmaq, hətta öldürməkdən çəkinməmək təlimatları aşılanıb. Fətullah Gülənin ölümündən sonra təşkilatın daha çox güc itirəcəyi, parçalanacağı da iddia edilir.
Politoloq Natiq Miri "Sherg.az"a deyib ki, FETÖ-nu yaradan, idarə edən, milyardlarla dollar qazandıran və istismar edən təşkilatda yer alan şəxslər deyil. Ekspertin sözlərinə görə, FETÖ üçün şərait yaradan, onların yolunu açan ABŞ və Mərkəzi Kəşfiyyat İdarəsidir:
"ABŞ kəşfiyyatı bir müddət prosesi seyr edəcək və sonra yekun qərar veriləcək. FETÖ yoluna davam edəcək. Çünki bu təşkilat dünyanın əksər ölkəsində şəbəkələşmə yarada bilib. Ona görə də rahatlıqla fəaliyyət göstərib. Nəzərə alaq ki, bu təşkilat həm də casusluqla məşğul olub. Təhsil, maarif, din, mədəniyyət adları altında fəaliyyət göstərsə də, əsas məqsəd casusluq olub. Mərkəzi Kəşfiyyat İdarəsinin bilavasitə əmrlərini icra edib. Ona görə zamanı gələndə FETÖ-yə yeni rəhbər təyin olunacaq və hər kəs ona tabe etdiriləcək. Çünki sistemdən kənar şəxslərin aqibəti onlara yaxşı bəllidir. Hazırda şəbəkə daxilində qruplaşma, ziddiyyət təbiidir. Hər bir qruplaşma özünün məxsus olduğu dəstə üzvlərindən birinin başa keçməsində maraqlıdır. Ancaq strateji qərarı ABŞ verəcək. Çünki təşkilatın dayağı, mərkəzi, idarəetməsi ABŞ-dədir. Hansısa zəifləmə və dağılma gözlənilmir. Qısamüddətli "mübarizə"dən sonra üst ağlın əmri veriləcək və proses toparlanacaq. ABŞ bu kimi maşadan, alətdən heç zaman vaz keçməz".