"Gürcü Arzusu" arzusuna çatdı

"Bu partiyanın müstəqil diplomatik kursu Gürcüstanda Ukraynadakı olayların təkrarlanmasının qarşısını aldı"

Oktyabrın 26-da Gürcüstanda keçirilən parlament seçkiləri başa çatıb. Sakit və təhlükəsiz keçən seçki prosesində hakim Gürcü Arzusu-Demokratik Gürcüstan” Partiyası 54 faiz səslə qalib gəlib. Gürcüstan Mərkəzi Seçki Komissiyasının məlumatında müxalifət partiyalarının isə ümumilikdə 37,33 faiz səs topladığı əks olunub.
  Səsvermə prosesində seçicilərin 58,94 faizi iştirak edib. Qeyd edək ki, Gürcüstanda parlament seçkiləri ilk dəfə proporsional sistem üzrə, səsvermə isə elektron texnologiyaların tətbiqi ilə keçirilib. Hakimiyyət hesab edir ki, partiya parlamentdə konstitusiya çoxluğu əldə edib.
Gürcüstanda seçki məntəqələri bağlandıqdan cəmi 20 dəqiqə sonra hakim partiyanın Tbilisidəki ofisi qarşısında atəşfəşanlıq olub və qələbə bayramı başlayıb. Bidzina İvanişvili və İrakli Kobaxidze hakim partiyanın qələbəsini elan ediblər.
 Müxalif partiyalar isə seçkinin nəticələrini tanımadıqlarını bildirərək kütləvi etiraza başlayacaqlarını bəyan ediblər.
  
Qonşu ölkədə  keçirilən parlament seçkilərini dəyərləndirən siyasi şərhçi Azər Niftiyev isə "Sherg.az”a açıqlamasında deyib ki, Gürcüstan sabitliyə səs verdi və növbəti seçki sınağından üzüağ çıxdı: 

"Gürcüstanda keçirilən son parlament seçkilərində hakim partiya -  "Gürcü Arzusu"nun qalib gəlməsi Gürcüstan vətəndaşlarının sabitlikdən yana olduqlarını bir daha bütün dünyaya nümayiş etdirdi. Regional maraqların toqquşduğu və beynəlxalq münasibətlər sisteminin geridönməz formada kəskinləşdiyi bir şəraitdə son seçkilər təkcə parlamenti formalaşdırmaq kontekstindən deyil, geostrateji baxımdan da müstəsna əhəmiyyət kəsb edirdi. 
  Müxalifət koalisiyasından fərqli olaraq, "Gürcü Arzusu"nun seçki kampaniyası əsasən sülh və sabitliyə əsaslanan cəmiyyətin inkişafını özündə ehtiva edirdi. Müxalif koalisiya isə seçki kampaniyası dövründə ABŞ-Rusiya qarşıdurmasında birincinin maraqlarını müdafiə etdiyini açıq şəkildə ifadə edir və seçkilərə də məhz bu rakursda hazırlaşdıqlarını bəyan edirdilər. Hakimiyyətdə olduğu dövrdə öz vədini yerinə yetirən hakim partiya Gürcüstanı müharibələrdən uzaq tutmağa, Rusiya ilə gərginliyi minimuma endirməyə çalışdı".
 
 A.Niftiyev hesab edir ki, partiya sülh strategiyası və iqtisadi çətinlikləri azaltmaq məqsədləri ilə Rusiya ilə gərgin münasibətlər fonunda Gürcüstanın maraqlarını qorumağa müvəffəq oldu: 
"Birmənalı şəkildə söyləmək ki, Gürcüstan iqtidarı Rusiyayönümlü siyasət yürüdür, bu, doğru olmazdı. Rəsmi Tbilisi Qərbdəki tərəfdaşları və Avropa ilə də münasibətlərini normal şəkildə tənzimləyir. Bütün bunlar isə öz növbəsində Gürcüstanı iqtisadi və siyasi təlatümlərdən qoruyur, ölkə ərazisində sabitliyin təminatı rolunda çıxış edir.
  Gürcüstan vətəndaşlarının yenidən "Gürcü Arzusu"na etimad göstərməsi, gürcü xalqının sülh və sabitliyə növbəti investisiyası kimi qiymətləndirilməlidir. Hakim partiyanın sülh tərəfdarı olması və iqtisadi inkişafı ön plana çıxarması xalqın rifahı və təhlükəsizliyi baxımından önəmli məqamdır. Bu, Gürcüstanda sabitliyin zəmanətidir. Etiraf etmək lazımdır ki, məhz bu partiyanın müstəqil diplomatik kursu Gürcüstanda Ukraynadakı olayların təkrarlanmasının qarşısını aldı".
 
 Siyasi şərhçinin fikrincə, bu seçkilər regionu qarışdırmaq, birqütblü və mənəvi dəyərlərin aşılandığı dünya qurmaq istəyən qüvvələrə, okeanın o tayındakılara və Qərbə Gürcüstan xalqının layiqli cavabıdır:
"Postsovet məkanında "məxməri inqilab"ın ilk baş verdiyi ölkənin vətəndaşları olaraq gürcüstanlılar Qərbin "demokratiya oyunu"nun fəsadlarını aydın dərk edirlər və son seçimi ilə təxribatçı qüvvələrə layiqli mesaj verdilər.
Seçkilərdən sonra Gürcüstanda yaşayan soydaşlarımızın problemlərinin həlli hökumətin prioritet istiqamətlərindən biri olmalıdır və Gürcüstan hökuməti bu istiqamətdə fəal hərəkətə keçməlidir. Seçkilərdə Gürcüstanda yaşayan azərbaycanlıların aktiv iştirakı və əsasən hakim partiyaya etimad göstərməsi fonunda Gürcüstan iqtidarından gözləntilər də böyükdür".