Elxan Şahinoğlu: Ermənistan qədər Hindistandan hərbi texnika alan ikinci dövlət yoxdur

Manukyanın fikirlərində həqiqət var

SEPAH əlindən gələni edir ki, Hindistan, Rusiya və Fransa hərbi texnikası quru yolda çətinliklə üzləşmədən Ermənistana çatdırılsın


  Hindistan "Akaş" (Akash) zenit raket kompleksinin ilk batareyasını Ermənistana göndərib. Məlumatı “Akaş” komplekslərinin istehsalçısı olan “Bharat Electronics Limited” şirkəti yayıb. Qeyd olunub ki, Hindistan hökumətində müdafiə istehsalı üzrə katib Sanciv Kumar “Akaş”ın ilk batareya sistemlərinin xarici dost ölkəyə eksportu barədə siqnal verdi. Məlumat üçün deyək ki, “Akaş” sistemləri yer-hava tipli raketlərə sahibdir. O, təyyarələr, raketlər, hava-torpaq tipli raketləri, eləcə də PUA-ları 25 kilometrə qədər məsafədə məhv etmək gücündədir. “Ermənistan” fraksiyasının deputatı Geqam Manukyan Hindistan mediasını ittiham edib. Səbəbi budur ki, Hindistan mediası Ermənistana hər hansı hərbi texnika satılan kimi dərhal bu haqda xəbər yayır. O deyib ki, hər dəfə Müdafiə Nazirliyinin məsul şəxsləri ilə mübahisə edir, çünki hərbi sektor, xüsusən də silah satışı məxfilik tələb edir: "Ermənistan Silahlı Qüvvələri Hindistanın reklam lövhəsinə çevrilib. Hər gün media yazır ki, bu raket Ermənistana göndərilib. Yaxşı, müqavilə bağlayarkən yazmaq mümkün deyil ki, bütün dünyada olduğu kimi, bu barədə dərc etmək qadağandır? Hindistan mətbuatı yazır, erməni mətbuatı isə onu yenidən tirajlayır”. 
  
Politoloq Elxan Şahinoğlu "Sherg.az"a açıqlamasında deyib ki, Manukyanın fikirlərində həqiqət var: 

"Ermənistan qədər Hindistandan hərbi texnika alan ikinci dövlət yoxdur. Hindistan bu yolla hərbi-sənaye kompleksinin məhsullarını reklam etmiş olur. Manukyanın narahatlığı həm də onunla əlaqəlidir ki, xəbərlər yayıldıqdan sonra Hindistanın hərbi texnikasının Ermənistana çatdırılmasında lojistik əngəllər yarana bilər. Hindistanın hərbi texnikası İranın dəniz limanına, oradan da quru yolla Ermənistana çatdırılır. Manukyanın nəzərdə tutduğu “lojistik əngəl” yalnız İran ərazisində yarana bilər. SEPAH isə əlindən gələni edir ki, Hindistan, Rusiya və Fransa hərbi texnikası quru yolda çətinliklə üzləşmədən Ermənistana çatdırılsın. Hər halda həmin hərbi texnikalar Güney Azərbaycan ərazisindən daşındığından güneyli fəalların çəkdikləri şəkillər Azərbaycan mediasında da yayımlanır. Yəqin Manukyan kimilərin qorxusu odur ki, bir gün İranda yaşayan azərbaycanlılar yollarda hərbi texnikanın çatdırılmasına əngəllər yarada bilərlər".