Politoloq: Ermənistanda referendumun keçirilməsi zəruridir

Nikol Paşinyan "Müstəqillik Bəyannaməsi"ndən Azərbaycana qarşı ərazi iddialarını çıxaracaq


  Ermənistan Baş naziri Nikol Paşinyan ölkəsinin müstəqillik bəyannaməsini tənqid edib. Həmin bəyannamədə Azərbaycana qarşı ərazi iddiası var. “Past” qəzeti yazıb ki, Baş nazir Nikol Paşinyanın parlamentdə verdiyi bəyanatlar Ermənistan Respublikasının buraxıldığını və Müstəqillik Bəyannaməsinin ləğvini elan etmək demək idi. Nəşrə görə, bəyannamənin rədd edilməsi açıq şəkildə Bakının tələbinin qəbul olunduğu mənasına gəlir: “Paşinyan son illərdə bəyannaməni dəfələrlə oxuduğunu və bu sənədin Ermənistanın mövcudluğunu şübhə altına aldığını dedi. O, bunu ermənilərin ən böyük problemi və faciəsi adlandırıb. Yəni baş nazir Ermənistan Konstitusiyasında bəyannamənin preambulasına istinadı silməyə çalışacaq, qərarı artıq verib. Bu, açıq şəkildə Bakının Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini yerinə yetirməkdir. Beləliklə, ötən gün Paşinyan sözügedən tələbi qəbul etdiyini açıqlamış oldu”. Qeyd edək ki, Azərbaycan sülh müqaviləsinin imzalanması üçün ölkəmizə qarşı ərazi iddialarının yer aldığı Ermənistan Konstitusiyasının dəyişdirilməsi tələbini irəli sürüb.
 
 Politoloq Məhəmməd Əsədullazadə "Sherg.az"a deyib ki, Azərbaycan Ermənistandan sülh müqaviləsi üçün referendum keçirilməsini tələb etməlidir. Ekspert bildirib ki, Paşinyanın 1989-cu ildə qəbul edilən "Müstəqillik Bəyannaməsini" ölkəsinin inkişafına başlıca əngəl olduğunu qeyd etməsi önəmli addımdır:
 "Əlbəttə ki, 1989-cu ilin siyasi prosesləri ilə indiki siyasi nizam tam fərqlidir. Ermənistanın "Müstəqillik Bəyannaməsi" Azərbaycana qarşı ərazi iddialarına əsaslanır. Həmçinin Türkiyəyə qarşı əsassız bəndlər yer alıb. Ermənistan rəhbərliyinin qüvvədə olan qanunvericilik bazasından və "Müstəqillik Bəyannaməsi"ndən bu bəndləri çıxarması mümkündür və gözlənilir. Məhz Paşinyanın parlamentdə "Müstəqillik Bəyannaməsi"ni pisləməsi sıradan hadisə deyil. Bu, Azərbaycan və Ermənistan arasında sülhü əngəlləyən başlıca sənəddir. Təbii ki, Nikol Paşinyan "Müstəqillik Bəyannaməsi"ndən Azərbaycana qarşı ərazi iddialarını çıxaracaq.  Bu, Azərbaycan Prezidenti İlham Əliyevin tələbidir. Çünki "yekun sülh" müqaviləsini təhdid edəcək heç bir hüquqi baza olmamalıdır". 

Analitik vurğulayıb ki, referendumun keçirilməsi zəruridir: 
"Ermənistan əhalisi sülhə zəmanət verməlidir. Referendum Ermənistan ictimaiyyətinin sülh gündəminə dəstək verib-verməməsini göstərəcək. Ermənistanda hökumət dəyişikliyi olarsa,  revanşistlər Paşinyanın mövcud sülh müqaviləsini tanımaya bilər".