Küçə ləzzətləri adıyla təqdim olunan, əslindəsə ayaqüstü yeyilən qidalar arasında dönərin xüsusi yeri var. Dönərin hazırda dünyada “türk dönəri” kimi tanınması da təsadüfi deyil. Çünki dönərin ixtiraçısının bir türk olduğu bilinir. Dünyaya dönər ləzzəti təqdim edən insan Türkiyənin Kastamonu bölgəsində dünyaya gəlmiş Həmdi Ustadır. Həmdi Usta 19-cu əsrdə dönəri qidalar sırasına daxil edib. O zamanlar üçün qeyri-adi görünən bu yeməyin tərifi qısa müddətdə geniş yayılıb, Kastamonu ilə yanaşı, Sinop, Zonquldakda da hazırlanmağa başlayıb.
“Sherg.az” Türkiyə mediasına istinadən Həmdi Ustanın qısa həyat hekayəsini təqdim edir. 1850-ci illərə qədər ət yeməkləri qril və ya odda qovurularaq yeyilib. Daha sonra Kastamonulu məşhur kabab ustası Həmdi Usta fərqli bir axtarışa çıxıb, üfüqi və şaquli şəkildə üst-üstə yığılan ət parçalarını bişirməyə başlayıb. Ətlərin şaquli şəkildə manqalın qabağında çevrilərək bişirilməsi, nazik şəkildə kəsilərək çörəyin arasında təqdim olunmasıyla “Dönər kabab” icad edilib. Həmdi Ustanın bu yeni ləzzəti qısa zamanda bütün Türkiyəyə yayılıb. Sonra dünya mətbəxinə daxil olub. Bu gün dönər kabab dünyanın ən məşhur küçə delikateslərindən biridir. Həmdi Usta Kastamonuda anadan olub. O, kiçik yaşlarından kababçı şagirdi kimi fəaliyyətə başlayıb. Ustadlıq illərində üfüqi şəkildə bişmiş ətin daha dadlı və yumşaq olmasının yolunu tapmağa çalışıb. Uzun araşdırmalar nəticəsində anladı ki, üfüqi şəkildə bişmiş əti üst-üstə qoyub şaquli şəkildə bişirmək daha yaxşı üsuldur. O, ilk dəfə 1855-ci ildə bu üsulu tətbiq edərək dönər kababını yaradıb. Dönər kabab Kastamonu və ətraf vilayətlərdə tez bir zamanda məşhurlaşıb. Həmdi Ustanın restoranı hər gün yüzlərlə müştəriyə xidmət göstərməyə başlayıb. Həmdi Usta dönər kababının populyarlaşması üçün çox səy göstərib. Dönər kababının reseptini və hazırlanmasını digər kababçılara öyrədib. Sonra da Dönərçi Kastamonulu Həmdi Ustanın nəvələri onun yolunu – üsulunu davam etdirərək bu ləzzəti günümüzə qədər çatdırıblar. Dönərçi Həmdi Usta 2019-cu ildə Türkiyədə ilk dəfə dönər restoranı olaraq beynəlxalq keyfiyyət mükafatına layiq görülüb. O, "Liderlik, Keyfiyyət, İnnovasiya və Mükəmməllik" kateqoriyasında (Business Initialitive Directions) tərəfindən verilən ISAQ (Keyfiyyət üçün Beynəlxalq Ulduz Mükafatları) Qızıl Ulduz Keyfiyyət Mükafatını alıb.