Almaniyanın xarici işlər naziri Annalena Berbok mümkün atəşkəs şəraitində Ukraynaya alman hərbçilərin göndərilməsini istisna etməyib. Bu barədə “Die Welt” nəşri məlumat yayıb. O bildirib ki, Ukrayna ilə Rusiya arasında atəşkəs olacağı təqdirdə sülhün təmin edilməsi üçün alman əsgərlər də ərazidə yerləşdirilə bilər. Qeyd edək ki, ötən həftə AB diplomatiyasının yeni rəhbəri Kaya Kallas da qeyd edib ki, Avropa ölkələri mümkün atəşkəs üçün Ukraynaya qoşun göndərə bilər.
Sosial Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq Tural İsmayılov “Sherg.az”a söyləyib ki, Almaniya hərbi kontingentinin Ukraynada təmsil olunmasını çoxdan istəyirdi:
“Amma Almaniyanın istəməsindən asılı olmayaraq Rusiya almanyalı hərbçilərin Ukrayna ərazilərində fəaliyyətə başlamasını həzm etməyəcək. Yəni Rusiyanın Berbokun təkliflərinə isti yanaşmayacağını düşünürəm. Ümumiyyətlə rəsmi Moskva Kiyev ilə atəşkəs razılığı əldə etsə belə, bu uzunmüddətli olmayacaq. Çünki Rusiya bütün gücü ilə çalışır ki, NATO və regiondan kənar oyunçuları prosesə buraxmasın. Bu baxımdan Berbokun səsləndirdiyi fikirlər siyasi popülizmdən başqa bir şey deyil. Eynilə Qərb siyasi mərkəzləri də Rusiya-Ukrayna mövzusunda siyasi popülizmi davam etdirməyə çalışırlar. Ukraynaya dəstək məsələsi bəlli Qərb siyasi paytaxtlarının alver predmentinə çevrilib”.