Ötən il Avropa İttifaqında doğum faizi ən aşağı səviyyəyə çatıb. Bu vəziyyət “əhalinin az olması” qorxusunu artırır.
“Sherg.az” NTV.com.tr”tə istinadən xəbər verir ki, mütəxəssislər aşağı doğum göstəricilərinin beynəlxalq güc balansını kəskin dəyişə biləcəyi fikrindədir. Belə davam edərsə, ölkələr immiqrasiyadan - əcnəbi vətəndaşların köçündən asılı vəziyyətə düşəcək. Nəticədə güclü iqtisadiyyatlar, işçi qüvvəsi, vergi ödəyicisi, hətta yaşlılara qulluq etməyə gənc işçi tapmayacaq. İşləyən əhalinin yaş kateqoriyası 50-dən yuxarı olacaq. Statistik məlumatlara görə, AB-nin 27 ölkəsində 2023-cü ildə cəmi 3,67 milyon körpə doğulub. Bu rəqəm 2022-ci illə müqayisədə 5,5 faiz azalma deməkdir ki, bu da qeydlərin tutulmağa başladığı 1961-ci ildən bəri ən böyük azalmadır. Ən çox zərər çəkən ölkələrdə ikirəqəmli faizlə azalma, Rumıniyada isə 13,9 faiz azalma qeydə alınıb. "Daily Mail" xəbər verir ki, aşağı düşən doğum faizləri ekspertlərin "əhali süqutu" ilə bağlı "qiyamət" xəbərdarlığına səbəb olub. Rumıniyadan sonra doğumun əvvəlki ilə nisbətən ən çox azaldığı ölkələr Polşa (10,7 faiz), Çexiya (10 faiz), Latviya (9,2 faiz) və Slovakiya (7,7 faiz) olub. Fransa və Almaniya kimi zəngin Aİ ölkələrində də əhəmiyyətli azalmalar olub. Yalnız beş ölkədə ümumi doğuş artımı müşahidə olunub: Malta (3,6 faiz), Portuqaliya (2,4 faiz), Bolqarıstan (1,1 faiz), Kipr (1 faiz) və İrlandiyada (0,5 faiz). Əhalinin az olması ehtimalı İlon Maskın da sevimli mövzularından biridir. “Tesla” sahibi 2017-ci ildə demişdi ki, Yer kürəsindəki insanların sayı “çöküşə doğru sürətlənir, lakin az adam bunu fərq edir və ya əhəmiyyət verir”. 2021-ci ildə Mask, insanlar daha çox uşaq sahibi olmazsa, sivilizasiyanın çökəcəyini bildirib. Bəzi ölkələrin əhalisinin iki dəfə azalacağı halda, digərlərinin, xüsusən də Afrikanın 22-ci əsrə qədər 8 dəfə artacağı proqnozlaşdırılır. Bu isə Avropanın miqrantlara getdikcə daha çox ehtiyac duyacağı anlamına gəlir. Mütəxəssislər bu tendensiyanın qismən qadınların öz təhsillərinə və karyeralarına diqqət yetirmələri və cütlüklərin uşaq sahibi olmaq üçün daha gec yaşa qədər gözləmələri ilə bağlı olduğunu düşünürlər. Bəziləri iddia edir ki, ölkələrin kövrək iqtisadiyyatı və yaşayış böhranı insanların uşaq sahibi olmasına mane olur. Digərləri ətraf mühitə istinad edir, övladlarının iqlim dəyişikliyi səbəbindən qaranlıq gələcəyindən qorxurlar. Bir çox insanlar 30 yaşlarının ortalarına qədər gözləyirlər ki, bu da bioloji amillərə görə uşaq sahibi olmaqda daha az insanın uğur qazanmasına səbəb ola bilər. "Mills Telegraph"ın yazdığına görə, bəziləri uşaq sahibi olmağa bioloji cəhətdən daha az uyğun olduqları zaman uşaq sahibi olmaq istəyir. İnsanlar vaxtlarının tükəndiyini fərq etmirlər. Doğum nisbətlərinin azalması dünyanın ən böyük iqtisadiyyatlarının əhalinin yaşı artdıqca immiqrasiyadan daha çox asılı olacaqları deməkdir. Doğum nisbətlərinin hər hansı bir azalması əhalinin demoqrafik strukturunda kəskin dəyişikliyə, yaşlı insanların gənclərdən daha çox olmasıyla nəticələnəcək. Bəzi ölkələr hətta doğum nisbətini artırmaq üçün uşaq sahibi olmaq üçün yeni valideynlərə pul ödəməyə başlayıblar. Lakin dünya əhalisinin tezliklə azalması gözlənilmir. Hazırda dünyada təxminən 8 milyard insan yaşayır və bu rəqəmin 2100 civarında zirvəyə çatacağı gözlənilir. Bununla belə, etibarlı tədqiqatlar göstərir ki, dünyada insanların sayı 2070-ci ildə azalmağa başlaya bilər.