Suriyada baş verənlər Ukraynada Rusiyanı məğlub etmək ehtimalından xəbər verir. Bu barədə vəzifəsini tərk edən Litvanın xarici işlər naziri Qabrielius Landsbergis deyib. Landsbergisin fikrincə, Suriyadan gələn xəbərlər sübut edir ki, Rusiyaya qalib gəlmək olar.
O bildirib ki, Suriya nümunəsi göstərir ki, Rusiyanı qovmaq olar və o öz evinə qayıdacaq. Baltikyanılılar haqlı idilər, Qərb qalib gəlmək üçün kifayət qədər güclüdür. Ukraynada və ya başqa yerlərdə fəsad törədən “ayıdan” qorxmaq lazım deyil.
Siyasi şərhçi Elmir Səftərov “Sherg.az”a söyləyib ki, Suriyanın şimalında Heyət Təhrir əl-Şamın (HTŞ) rəhbərlik etdiyi silahlı müxalif qrupların qısa zamanda hakimiyyəti ələ keçirməsi Rusiya üçün mənfi tendensiya kimi görünür:
“Suriyanın devrilən iqtidarı bundan əvvəlki daxili savaşlarda Rusiyadan böyük hərbi dəstək alsa da, Ukraynadakı müharibə Moskvanın yeni bir cəbhə açaraq qüvvələrini savaşa daxil etməsinin qarşısını aldı. Dünyadakı mövcud reallıqlar Rusiyanın artıq 10 il bundan öncəki kimi Bəşər Əsədi dəstəkləmək potensialında olmadığı anlamına gəlir. Düzdür, Rusiya üsyançılara qarşı müəyyən hava zərbələri endirdi. Lakin bunun formal olduğu aydın idi. Birinci ehtimal ondan ibarətdir ki, 2022-ci ildə başlayan müharibənin uzanması Rusiyanın Cənubi Qafqazda, ümumilikdə isə digər regionlarda hərbi varlığının təbii olaraq azaldığını göstərir. Digər bir versiya isə müxaliflərin sürətli və qısamüddətli uğurları fonunda bu proseslərin əvvəlcə masa arxasında və dialoq vasitəsilə həll edildiyini deməyə əsas verir. Çünki Rusiya kimi maraqları zəifləyən İran və onun müttəfiqi Hizbullah da B.Əsədə ciddi dəstək vermədilər. Halbuki, vaxtilə Hizbullah Bəşər Əsədə qarşı mübarizə aparan qüvvələrə qarşı onu dəstəkləmişdi. Göründüyü kimi, Rusiyanın, İranın və ona bağlı qüvvələrin vəd versələr də, Əsədə ciddi dəstək göstərmədikləri müşahidə edildi. Moskva üçün Suriya strateji əhəmiyyət kəsb edirdi. Məsələn, Tartus hərbi dəniz bazası Rusiyanın Aralıq dənizinə çıxışını asanlaşdırır, Hmeymim aviabazası isə Moskvanı bütün regionda effektivliyini və nəzarət mexanizmlərinin artırır”.
Ekspert qeyd edib ki, Suriya Rusiyanın böyük güc imicini qoruyub saxlamaq baxımından də önəmlidir:
“Lakin Ukraynada ciddi resurs sərf edən Moskva ola bilər ki, hansısa sövdələşmə qarşılığında oradan çıxmağa razılaşsın. Bunun da nəticələrini bu ilin sonu və ya gələn ilin əvvəlində görə bilərik.
Əvvəldən də bəlli idi ki, Rusiya Ukraynadakı problemlərini həll etmədən B.Əsədə yardımı artırması mümkün deyil. Digər tərəfdən Ukraynadakı müharibə Moskvanın prioriteti olsa da, Rusiya Suriyadan da əl çəkmək niyyətində deyil. Lakin müharibə uzandıqca Ukraynanın Kurskdakı ələ keçirdiyi əraziləri geri qaytara bilməyən Rusiyanın Suriyadakı qüvvələrini də orada saxlaması iqtisadi və hərbi baxımdan uğur vəd etmir. Ümumilikdə isə Rusiyanın Suriyada zəifləməsi onun Ukraynadakı məğlubiyyəti kimi qiymətləndirilməməlidir. Yaxın Şərqdəki proseslər sövdələşmələr və yeni dünya nizamına keçidin bir hissəsi kimi diqqətləri daha çox cəlb edir”.