Səkkiz Avropa ölkəsi Gürcüstanı təkrar seçkilər keçirməyə çağırdı

Baltikyanı və Şimali Avropa ölkələri Gürcüstanı təkrar parlament seçkiləri keçirməyə çağırıb.

Teleqraf.com xəbər verir ki, Litva Xarici İşlər Nazirliyi Danimarka, Norveç, Finlandiya, Litva, Latviya, Estoniya, İsveç və İslandiyanın xarici işlər nazirləri adından Tbilisiyə müraciət ünvanlayıb.

Sənəddə səkkiz Avropa ölkəsi Gürcüstan hakimiyyətinin etirazçılara, siyasətçilərə və media nümayəndələrinə qarşı zorakılığı, habelə keçmiş prezident Salome Zurabişviliyə qarşı təhdidləri dayandırmağa çağırıb.

“Biz Gürcüstan hakimiyyətini Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının tövsiyələrinə əməl etməyə və bu tövsiyələrə uyğun olaraq yeni parlament seçkilərinin keçirilməsini nəzərdən keçirməyə çağırırıq”, - bəyanatda deyilir.

Qeyd edək ki, oktyabrın 26-da Gürcüstanın ali qanunverici orqanına seçkilər keçirilib. Səsvermənin nəticələrinə görə, hakim “Gürcü arzusu” partiyası parlamentdəki 150 yerdən 89-nu qazanaraq qalib gəlib. Bir sıra müxalif siyasi birliklər seçkinin nəticələrini tanımayıb.