SSRİ-nin yenidən doğulması bu və ya digər şəkildə 2025-ci ildə baş verəcək.
Bu sözləri Rusiya Dövlət Dumasının deputatı Anatoli Vasserman səsləndirib.
“Yenidən doğulma ümid deyil, qaçılmaz zərurətdir. 2025-ci ildə bunu etmək üçün vaxtımız ola bilər, lakin daha bir neçə il gözləməli ola bilərik", - Vasserman deyib.
O qeyd edib ki, məsələn, Amerika ştatlarının bəziləri Meksikanın keçmiş əraziləridir: Texas, Kaliforniya, Nyu-Meksiko, Nevada, Arizona…
Siyasi şərhçi Həşim Səhrablı "Sherg.az"a söyləyib ki, Rusiya Dövlət Dumasının deputatının fikirləri reallıqla əlaqəsi olmayan cəfəng sözlərdən ibarətdir:
"Rusiyanın artıq nəyinki SSRİ-ni bərpa etmək, ona bənzər xırda birlik qurmaq potensialı da qalmayıb. Hələ Co Bayden kimi zəif bir siyasətçinin liderlik dönəmində Rusiya tərəfi dünyəvi maraqlarında, ümumiyyətlə Qərbə və ABŞ-a qarşı mübarizəsində ciddi nəticələr əldə edə bilmədi. Nəzərə alaq ki, yanvarın 20-dən sonra ABŞ-da Donald Tramp iqtidarı başlayacaq. O isə həmişə həm hərbi, həm diplomatik, həm də iqtisadiyyat sahəsində xüsusi manevr imkanları və bilgiləri ilə seçilən lider olaraq ön plana çıxıb. Trampın hakimiyyətdə olacağı dövrdə Rusiyanın SSRİ qurmaq və ya dünya siyasətinə təsir edəcək qlobal dəyişiklik etmək imkanları kifayət qədər məhdudlaşacaq. Həmçinin Rusiya müharibə uzandıqca Ukraynada ciddi resurs və canlı itkilərlə üzləşir".
Politoloqun sözlərinə görə, ABŞ-ın sülhlə bağlı verdiyi təklifə Vladimir Putin isti baxmasa və onlar uzlaşa bilməsə, Tramp bu dəfə Rusiyaya qarşı daha radikal addımlar ata bilər:
"Belə olan halda bunu iqtisadi sanksiyalarla və Ukraynaya dəstəkləri artırmaqla reallaşdıracaq. ABŞ-ın yeni seçilmiş Prezidenti indidən NATO üzvləri qarşısında şərt qoyub ki, bu qurumun hərbi potensialını artırmaq üçün hər dövlət öz büdcəsindən əvvəlkindən 2.5 dəfə çox xərc qoymalıdır. Bu da reallaşarsa, artıq Qərbin tək Rusiya ilə deyil, dünya siyasətindəki bütün rəqiblərinə təzyiq imkanları artacaq. Eyni zamanda Rusiya Yaxın Şərqdə sonuncu qalasını itirdi - Əsəd rejimi devrildi. Putin artıq bu məqamdan sonra Türkiyə ilə koordinasiya qura bilməsə, ya İrana boyun əyərək öz təsirini qoruyub saxlamağa çalışacaq və ya Yaxın Şərq siyasətindən uzaqlaşacaq. Rusiya Hindistanla əlaqələri genişləndirsə də, artıq okeanlarda və Afrika sahillərində mövqeyi günü-gündən azalır. Üstəlik, Çinə qarşı uduzur. Ümumiyyətlə hər yerdə güc itkisi ilə qarşılaşan Rusiyanın yenidən SSRİ və ona bənzər birlik qurması qeyri-mümkündür".