Putin ABŞ Prezidenti Trampla görüşə həm də Türkiyənin dəstəyini arxasına almaqla gedir
“Trampla Putinin ilk uğurlu sövdələşməsi Avropayla Asiya arasındakı körpüdə - Cənubi Qafqaz üzərində ola bilər”
ABŞ Prezidenti Donald Tramp sosial media hesabından verdiyi açıqlamada Rusiya Prezidenti Vladimir Putinə çağırış edib. D.Tramp xəbərdarlıq xarakterli çağırışında Rusiyaya zərər vermək istəmədiyini, rus xalqını sevdiyini və İkinci Dünya müharibəsində rusların ABŞ-yə kömək etdiyini xatırladaraq artıq Rusiya-Ukrayna müharibəsinin bitmə vaxtının çatdığını bildirib.
"İndi güzəştə gedin və bu gülünc müharibəni dayandırın. Əks halda, hər şey daha da pisləşəcək. Əgər yaxın vaxtlarda razılıq əldə etməsək, mənim Rusiyaya sanksiya qoymaqdan və Rusiyadan ABŞ-yə satılan hər şeyə yüksək rüsumlar tətbiq etməkdən başqa çarəm qalmayacaq” - deyə Tramp qeyd edib.
ABŞ prezidentinin Putinə xəbərdarlığını şərh edən Ədalət Partiyasının sədr müavini Elxan Şükürlü “Sherg.az"a açıqlamasında Trampın siyasətçidən daha çox peşəkar tacir olduğunu xatırladıb. Onun sözlərinə görə, əslində, elə ən yaxşı siyasətçi, ən yaxşı lider də ölkəsi üçün əlverişli sazişlər bağlayan, sövdələşmələr əldə etməyi bacaran kəsdir:
“İndi bu peşəkar tacir, uğurlu biznesmen - sövdələşmələr ustası 20 yanvardan etibarən ikinci dəfə ABŞ-də prezidentlik taxtına çıxıb və bütün dünya da ondan hansı sövdələşmələrə imza atacağını gözləyir, ölkələr isə bir-bir onunla əməkdaşlığa hazır olduqları bəyanatlarını səsləndirirlər. Trampın Kanada, Meksika, Panama kanalı, Qrenlandiya ilə bağlı səsləndirdiyi bəyanatlar, əslində, həm də Amerikanı varlı və qüdrətli edəcək, bütün diqqətləri qitənin öz daxilinə çəkəcək böyük maliyyə layihələrdir. Ancaq Trampın dünyanın siyasi xəritəsini dəyişəcək əsas sövdələşməsi, şübhəsiz ki, Rusiya ilə - Prezident Putinlə olacaq.
Putinlə sövdələşmə təkcə Ukraynanın və Avropanın yox, həm də bizim daxil olduğumuz Cənubi Qafqaz regionunun, o cümlədən bütün Yaxın və Orta Şərqin taleyini masaya yatırmaq, siyasi xəritəsini dəyişmək və Çinlə gələcək münasibətlərin məsafəsini, "Asiya Əjdahası"nı Qərbə çıxaran yolların kimin nəzarətində olmasını müəyyənləşdirmək deməkdir!
Tramp yaxşı dərk edir ki, həm iqtisadi, həm də hərbi planda çox yaxın gələcəkdə Amerikanın əsas rəqibi yalnız Çin olacaq.
O Çin ki, Avropanı tamamilə ABŞ asılılığına salan Ukrayna savaşında Rusiyanı məharətlə özünün "kiçik qardaş"ına çevirməyi bacarıb.
Bu bir həqiqətdir ki, 3 illik Ukrayna savaşından hələlik ən böyük qazancla çıxan 2 ölkə var - ABŞ və Çin”.
E.Şükürlü qeyd edib ki, Tramp özü hələ 14 il əvvəl - ABŞ-nin dövlət borcunun 18 trilyon dolları keçdiyi bir vaxtda yazdığı, gələcəyə dair siyasi baxışlarını əks etdirən "Vaxtdır, Amerikanı yenidən gücləndirək!" kitabında bar-bar bağırırdı ki, Çin ABŞ-ni içdən sararaq, "yeyir" və Çin haqqında da amerikalılarda çox yanlış təsəvvür yaradılıb.
Əslində, Çin uğurlu maliyyə siyasətiylə ABŞ-ni borclandırır və əsas istehsalçı-ixracatçı ölkəyə çevrilməklə, 2027-ci ildə ABŞ-ni ötüb keçəcək”.
Partiya funksioneri deyib ki, Trampın həyəcanlı çağırışlarının yekunu Çini ABŞ-yə hörmətlə davranmağa məcbur etmək və gələcək dünyanı Çinlə birgə idarə etməyə hazırlaşmaqdan ibarət idi:
“İstər Ukrayna, istərsə də Yaxın Şərqdə gedən və arxasında həm də Amerika və Çin kapitalının dayandığı savaşlar bir daha göstərdi ki, dövlət borcu artıq 36 trilyon dolları keçən ABŞ-nin dünyanı bir qütbdən, təkbaşına idarə etmək iddiası iflasa uğrayıb və indi masa arxasına əyləşmək, digər qlobal və regional güc mərkəzləriylə təsir zonalarının yenidən bölüşdürülməsini nəzərdə tutan müasir "Yalta konfransı" təşkil etmək vaxtıdır.
Ancaq "yeni nizam" qurulanadək, savaşın əsas tərəfləri - ABŞ və Rusiya mütləq bir araya gəlməli, münaqişələri sövdələşməyə çevirməyin uğurlu yollarını tapmalıdırlar. Trampla Putinin ilk uğurlu sövdələşməsi isə Avropayla Asiya arasındakı körpüdə - Cənubi Qafqaz üzərində ola bilər. Çünki mövcud münaqişələr içərisində real sülhün ən tez əldə olunma imkanı məhz buradadır - Azərbaycanla Ermənistan arasında...
Burada sülh Tramp və Putinin Ukrayna və Yaxın Şərq problemlərini də sülhlə çözmə imkanlarını artıra bilər”.
E.Şükürlü sonda əlavə edib ki, Ukraynada özünə gərəkli əraziləri tutan Rusiyanın gözlənilmədən Suriyada Türkiyənin xeyrinə geri çəkilməsi, ardınca İranla da 1 ildir təxirə salınan strateji tərəfdaşlıq sazişini yeniləməsi göstərir ki, Putin ABŞ Prezidenti Trampla görüşə həm də islam dünyasının bu iki önəmli ölkəsinin dəstəyini də arxasına almaqla gedir və o, indi təkcə Rusiyanın yox, Çinlə Avropanın sərhədinədək olan böyük bir coğrafiyanın əsas təmsilçisi kimi danışıqlara qatılmaq iddiasındadır. İki nəhəngdən biri pul, biri isə silahla danışmağı sevir. Görək, gözlənilən böyük sövdələşmədən kim daha karlı çıxacaq?