Rusiya və ABŞ İstanbulda nəyi müzakirə edir? -PƏRDƏARXASI

İstanbulda Rusiya və ABŞ nümayəndə heyətləri arasında görüş başlayıb. Görüşdə iki ölkənin diplomatik missiyalarının tam şəkildə fəaliyyətinin bərpası müzakirə edilir. Qeyd edək ki, ötən gün Rusiya xarici işlər naziri Sergey Lavrov bildirib ki, Rusiya Federasiyası və ABŞ fevralın 27-də İstanbulda iki ölkənin səfirliklərinin işini müzakirə etmək üçün görüş keçirəcək. Onun sözlərinə görə, danışıqlarda hər iki ölkənin diplomatik nümayəndəliklərinin işi ilə bağlı məsələlər müzakirə olunacaq. Lavrov qeyd edib ki, İstanbul danışıqlarının nəticələrinə əsasən, bu istiqamətdə nə qədər sürətli və effektiv irəliləyişin mümkün olacağı bəlli olacaq.
Siyasi şərhçi Asif Nərimanlı “Sherg.az”a söyləyib ki, İstanbulda keçirilən görüşün əsas müzakirə mövzusu Ukrayna münaqişəsinin həlliylə bağlıdır:
“Təbii ki, rəsmi olaraq müzakirə mövzusu ABŞ və Rusiya münasibətləri qeyd olunsa da, məsələ təkcə bununla yekunlaşmır. Ötən gün Səudiyyə Ərəbistanında da Rusiya və Amerika münasibətləri müzakirə edilmişdi. Ümumiyyətlə, Moskva və Vaşinqton arasında problemlərin həlli mövzusu Tramp prezident seçildikdən sonra pərdəarxasında gedirdi. Pərdəarxası danışıqlarda razılıqlar əldə olunduğuna görə indi rəsmi görüşlər başlayıb. Rusiya və ABŞ münasibətlərini bərpa etmək istiyirlərsə, bunun yolun Ukrayna münaqişəsinin həllindən keçir. Ona görə hesab edirəm ki, İstanbul görüşünün əsas məqsədi Ukrayna müharibəsidir. Bundan sonrakı dövrdə də İstanbul Ukrayna münaqişəsinin həlliylə bağlı əsas platformalardan biri ola bilər. Çünki İstanbul razılaşmalar layihəsi Ukrayna münaqişəsində yeganə razılaşma hesab olunur. Müharibənin ilk günlərində İstanbul razılaşmalar lahiyəsi müəyyən qədər Ukraynanın mövqeyini nəzərə alsa da, əsasən, Rusiyanın tələbləri üzərində qurulmuşdu. İstanbul danışıqlar prosesi pozulduqdan sonra Ukrayna münaqişəsi gündəmə gəldikdə Rusiya İstanbul razılaşmalar layihəsini irəli sürürdü”.
Ekspert qeyd edib ki, hazırda da Ukrayna münaqişəsinin həlli ilə bağlı danışıqların aparılması üçün müəyyən fikirlər var və böyük ehtimalla əsas baza prinsipi İstanbul razılaşmalar layihəsi olacaq:
“Çünki bu həm Rusiya, həm də Amerika üçün qəbulediləndir. Ukrayna da digər danışıqlardan daha çox İstanbul formatını qəbul edə bilər. Ukrayna başa düşür ki, Amerika və Rusiya danışıqlarında onun maraqlarını yeganə qoruyacaq ölkə Türkiyədir. Avropanın Ukrayna dəstəyi olsa belə, onların müdaxilə imkanları zəifdir. Türkiyə geosiyasi müstəvidəki proseslərdən kənarda qalarsa, bu Amerika və Rusiyaya qarşı olan cəbhələrin əlini gücləndirə bilər”.