Hədəf bir, amal bir: Azərbaycan və Türkiyə Zəngəzur dəhlizinin açılmasında israrlıdır

Bakı və Ankara məsələnin dialoq yolu ilə həllinin tərəfdarıdır
Uzun illər müxtəlif sınaqlardan üzüağ çıxan Azərbaycan-Türkiyə qardaşlığı dünyaya nümunədir. Bu qardaşlıq özünü xoş gündə də, dar gündə də göstərib. Çox haqlı olaraq ölkələrimiz və xalqlarımız arasında olan münasibətlər dostluğun, qardaşlığın zirvə nöqtəsi kimi dəyərləndirilir.
2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək Azərbaycanın böyük Zəfərlə yekunlaşdırdığı 44 günlük Vətən müharibəsi, işğaldan azad olunmuş ərazilərdə ölkəmizin postmüharibə mərhələsində start verdiyi bərpa işləri, tarixi Şuşa Bəyannaməsinin imzalanması, həmçinin Türkiyənin ayrı-ayrı bölgələrində baş verən yanğınların qarşısının alınması, 2023-cü ilin fevralın 6-da qardaş Türkiyədə baş verən dəhşətli zəlzələnin nəticələrinin aradan qaldırılması istiqamətində birgə fəaliyyət, Azərbaycanla Türkiyənin bir-birinə necə möhkəm tellərlə bağlı olduqlarını bütün dünyaya bir daha göstərdi. Faciənin nəticələrinin aradan qaldırılması ilə əlaqədar Türkiyəyə genişmiqyaslı yardımların göndərilməsi, 7-dən 77-yə Azərbaycan xalqının hər bir nümayəndəsinin bu məsələdə fəallıq göstərməsi Azərbaycan və Türkiyə arasında qardaşlıq, dostluq münasibətlərinin, qarşılıqlı sevginin sarsılmazlığı, möhkəmliyi və əbədiliyinin əyani sübutudur. 
Bu münasibətlərin strateji tərəfdaşlıq və müttəfiqlikdən əlavə, qardaşlığa əsaslanması təkcə ritorikada səslənməklə qalmır, rəsmi sənədlərdə də qeyd olunub.
Azərbaycanla Türkiyə arasında münasibətlərin hazırkı yüksək səviyyəsindən danışarkən bir məqamı xüsusilə diqqətə çatdırmaq lazımdır. Bu da ondan ibarətdir ki, hər iki ölkədə əməkdaşlıq əlaqələrinin daha da möhkəmlənməsinə həm dövlətlər səviyyəsində güclü siyasi iradə göstərilir, eyni zamanda, cəmiyyətlər də buna böyük maraq nümayiş etdirirlər. Ölkələrimiz arasında siyasi dialoq yüksək dinamizm ilə fərqlənir. Qarşılıqlı hörmətin və etimadın ifadəsi olaraq Azərbaycan Prezidenti dövlət başçısı seçildikdən sonra ilk səfərini, bir qayda olaraq, Türkiyəyə edir, eləcə də Türkiyə Prezidenti dövlət başçısı statusunda ilk səfərini respublikamıza reallaşdırır. Bu ənənə digər səviyyələrdə də davam etdirilir.
Siyasi dialoqun dinamizminə uyğun olaraq iki ölkə arasında iqtisadi sahədə əməkdaşlıq davamlı olaraq genişlənir. Qarşılıqlı investisiya qoyuluşunu və ticarət dövriyyəsini artırmaq üçün möhkəm hüquqi baza mövcuddur. İndiyədək Azərbaycanla Türkiyə arasında iqtisadi əməkdaşlığın perspektiv inkişafını özündə ehtiva edən bir sıra sənədlər imzalanıb.
Yeri gəlmişkən, Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev martın 5-də Türkiyə Cümhuriyyətinin Prezidenti Rəcəb Tayyib Ərdoğanın dəvəti ilə Ankaraya işgüzar səfər edib. Dövlət başçısını Türkiyənin maliyyə naziri Mehmet Şimşek və digər rəsmi şəxslər qarşılayıblar.
İndiki məqamda Azərbaycan prezidentinin Türkiyəyə işgüzar səfərinin kifayət qədər diqqət çəkən olduğunu vurğulayan politoloq Turan Rzayevin “Sherg az"a açıqlamasına görə, səfəri zəruri edən bəlli məsələlər olduğu kimi, perspektivdə müzakirə ediləcək mövzular da var: 
“Səfərin əsas məqsədi, şübhəsiz, İğdır-Naxçıvan təbii qaz kəmərinin açılışıdır. Bu qaz kəməri həm Bakı, həm də Ankara üçün mühüm əhəmiyyət daşıyır. Xüsusən Naxçıvanın enerji təhlükəsizliyi baxımından Azərbaycan üçün strateji önəmə sahibdir.
Məlum olduğu kimi, Naxçıvana qaz İran üzərindən ötürülür. Lakin son illərdə Tehran-Bakı münasibətlərində gərginlik, etimad mühitinin zədələnməsi bu məsələni Bakı üçün prioritet halına gətirdi. Münasibətlərdə normallaşma olsa da, Bakı Tehranın gələcəkdə Naxçıvan üzərindən ehtimal təzyiqlərin qarşısını almaq istəyir. Buna görə də daha təhlükəsiz qaz xəttinin əsasını qoydu.
İğdır-Naxçıvan qaz kəməri Naxçıvanın enerji təhlükəsizliyini təmin etməklə yanaşı, gələcəkdə Bakı və Ankaranın Avropanın enerji təminatında mühüm rola malik olmasına kömək edəcək. Məsələn, Kərkük və Mosul qaz xətləri də gələcəkdə İğdır-Naxçıvan təbii qaz kəmərinə, oradan isə TANAP layihəsinə qoşula bilər. Beləlikə, Avropaya nəql olunacaq qazın həcmi də arta bilər.
Ölkə başçısının Türkiyə səfəri həm də regional və geosiyasi baxımdan diqqət çəkir. Məlum olduğu kimi, son zamanlar hər iki sferada ciddi yeniliklər var. Məsələn, Bakı-Moskva arasında soyuqluq bunun əksi olaraq Tehran-Bakı arasında müşahidə edilən yaxınlıq Azərbaycan və Türkiyənin atacağı addımlar, liderlər arasında müzakirə edilə biləcək məsələlərdəndir.
Xüsusilə dəyişən dünya nizamı, geosiyasi vəziyyət və buna uyğun olaraq Türkiyə və Azərbaycanın perspektivdə atacağı ortaq addımların müzakirəsinə ehtiyac var. Məsələn, İğdır-Naxçıvan Təbii Qaz Kəmərindən başqa, Türkiyə-Ermənistan sərhəd məntəqəsində görülən işlər və Azərbaycanın Zəngəzur dəhlizi ilə bağlı işləri yekunlaşıb. Hər iki açılış üçün yeganə maneə İrəvandır. Xüsusilə Ermənistanın Zəngəzur dəhlizinin açılmasında yaratdığı süni maneələr, habelə alternativ təkliflər prosesi uzada biləcək mahiyyətdədir.
Azərbaycan dəhlizin açılmasında israrlıdır. Bu məsələ Ankaranın da diqqət mərkəzindədir. Bakı və Ankara məsələnin dialoq yolu ilə həllinin tərəfdarıdır. Danışıqlar yolu uğursuz olarsa, təzyiq variantına əl atıla bilər”.