Sabiq XİN rəhbəri: Zelenski dövrü sona çatır

Problem odur ki, nə Putin, nə də Tramp onu siyasətdə görmək istəyir

"Ukrayna bu il müharibəni bitirmək istəyir və Rusiyanın qeyd-şərtsiz atəşkəs təklifini qəbul edəcəyini gözləyir, lakin Rusiya bundan imtina etsə, ukraynalılar daha da müqavimət göstərəcəklər". 
Bunu Ukraynanın xarici işlər naziri Andrey Sibiqa deyib. Sibiqa bildirib ki, Kiyev müharibənin bu il bitəcəyinə inanır: "Hamımızı bu strateji məqsəd birləşdirir - ədalətli, hərtərəfli və uzunmüddətli sülhə nail olmaq. Rusiyanın qeyd-şərtsiz atəşkəsi qəbul edəcəyini gözləyirik". 
Onun sözlərinə görə, ölkəsi ABŞ və Rusiya prezidentlərinin telefon danışığından sonra sülh prosesinə aydınlıq gətiriləcəyinə ümid edir: “Rəsmi Kiyev Rusiya ilə sülh razılaşmasının əldə olunmasına maneə törətməyəcək. Ədalətli və dayanıqlı sülhə yalnız Donald Trampın dövründə nail ola bilərik”. ABŞ Prezidenti Donald Tramp deyib ki, Ukrayna böhranı ilə bağlı danışıqlar kritik mərhələyə daxil olur. Ağ Ev rəhbəri həmçinin Rusiya Prezidenti Vladimir Putinin ABŞ-yə mümkün səfəri barədə də danışıb. Onun sözlərinə görə, səfərdən öncə Ukrayna ilə bağlı sövdələşmə əldə etmək gərəkdir. Ukraynanın keçmiş Prezidenti Pyotr Poroşenko deyib ki, Ukrayna Silahlı Qüvvələri (AFU) hücum əməliyyatlarını unutmalı və Rusiya ilə silahlı münaqişədə müdafiəyə keçməlidir: “Hücum əməliyyatı” sözlərini unutmalıyıq. Bunu dayandırın! Rusiya qoşunlarını dayandırmağa çalışın". O, Ukrayna Silahlı Qüvvələrinin cəbhənin bir çox bölgələrində kadr çatışmazlığı səbəbindən irəliləyə bilməməsinə diqqət çəkib. O vurğulayıb ki, Kiyev üçün prioritet, ərazilərin qorunması olmalıdır. Ukraynanın keçmiş prezidenti hakimiyyəti istehkamlara, hava hücumundan müdafiə sistemlərinə və minalanmış sahələrə diqqət göstərməyə çağırıb. Onun fikrincə, bu tədbirlər Rusiya Silahlı Qüvvələrinin irəliləməsinin qarşısını almağa kömək edəcək.

Keçmiş xarici işlər naziri Tofiq Zülfüqarov "Sherg.az"a deyib ki, hansı məqam ABŞ iqtisadiyyatının xeyrinədirsə, prezident D.Tramp məhz onları gündəmə gətirir və ona uyğun addım atır. Eks XİN başçısı vurğulayıb ki, indiki mərhələdə nə Rusiyanın, nə də Ukraynanın öz məqsədlərinə çatması mümkündür:
 "Geosiyasi təhlillərdə emosional yanaşmaya yer yoxdur. İndiki şərtlərdə yüz il də müharibə getsə, hədəflərə çatmaq qeyri-mümkündür. Uzaqbaşı, Rusiya hərbi məsələlərdə üstünlük əldə edə bilər. Lakin Moskvanın istəyi tamam fərqlidir. Kremlin məqsədi Ukraynanın fraqmentasiyası, yəni bölünməsidir. Rusiya özünə yaxın bildiyi bölgələri Ukraynadan ayırmaq istəyir. Ukraynanın məqsədi isə o idi ki, heç olmasa, 1991-ci ilin sərhədlərini bərpa etsin, işğalın nəticələrini aradan qaldırsın. Ancaq bu, mümkün deyil. Ukraynanın müttəfiqi Qərb artıq lazımi səviyyədə silah və maliyyə dəstəyi göstərmir. O da aydındır ki, Ukraynanın müttəfiqi Qərb bu savaşda kiminsə qalib olmasını istəmir. Qərbin məqsədi münaqişə yaratmaq və həmin münaqişə vasitəsilə həm Rusiyaya təzyiq göstərmək, həm də Ukraynanı əldə saxlamaqdır. Bu mexanizmi həyata keçirən Qərb öz məqsədinə çatdığını zənn edir".

Siyasi şərhçi hesab edir ki, təklif edilən atəşkəs sənədi prosesin dondurulmasına xidmət edir:
 "Hələlik başqa nəticənin əldə olunması inandırıcı görünmür. Ən azından atəşkəsin özü belə müsbət nəticədir. Fəlakətin qarşısını almaq mümkündür. Zelenski üçün problem odur ki, nə Putin, nə də Tramp onu siyasətdə görmək istəyir. Ukrayna daxilində də bir çox siyasi qüvvələr Zelenski dövrünün sona çatdığını düşünürlər. Atəşkəsdən sonra seçkilərin keçirilməsi ehtimalı yüksəkdir. Zelenski də başa düşür ki, onun siyasi gələcəyi yoxdur".