Bakı Təşəbbüs Qrupu: "Parisdə polis kaledoniyamənşəli gənci amansızcasına döyüb"

"Fransanın paytaxtı Parisdə polis Yeni kaledoniyamənşəli gənci amansızcasına döyüb".

Oxu.Az xəbər verir ki, bu barədə Bakı Təşəbbüs Qrupu (BTQ) "X" sosial şəbəkə hesabında məlumat paylaşıb.

"Fransa hökuməti həm paytaxtda, həm də dənizaşırı müstəmləkələrində nəzarəti itirdikcə açıq şəkildə fundamental hüquqları hədəf alır. Parisin mərkəzində gənc bir kanakın polis tərəfindən amansızcasına döyülməsi və Qvadelupada yetkinlik yaşına çatmayanlar üçün gecə komendant saatının qəflətən tətbiq edilməsi bu reallığın bariz sübutudur", - məlumatda bildirilib.

Qeyd olunub ki, ictimai təhlükəsizliyin qorunması bəhanəsi ilə həyata keçirilən bu sərt tədbirlər zərurəti, müddəti və miqyası baxımından dinc toplaşma kimi fundamental hüquqla tamamilə ziddiyyət təşkil edir: "Fransa dialoq qurmaq əvəzinə məhdudiyyətlər və qorxu yolu ilə öz xalqını susdurmağı hədəfləyir. Paris azadlığı boğur, dünya isə onun iddia etdiyi demokratik dəyərlərin mütləq iflasını izləyir".