MHP-li deputat ağır qəzadan sonra xəstəxanadan evə buraxıldı

Türkiyənin Milliyyətçi Hərəkat Partiyasından (MHP) olan Kahramanmaraş deputatı Zuhal Karakoç yol qəzasından sonra müalicə aldığı xəstəxanadan evə buraxılıb.

Sherg.az xəbər verir ki, “Habertürk”ün ANKA-ya istinadən yaydığı məlumata görə, oktyabrın 11-də Kahramanmaraş vilayətinin Afşin rayonunda yol qəzasına düşən deputat Bilkənd Şəhər Xəstəxanasında müalicə alırdı.

Həkimi, professor Ahmet Gürhan Gürçayın açıqlamasına əsasən, Karakoçda ümumi bədən travması və onurğanın birinci bel fəqərəsinin (L1) sınığı aşkarlanıb. O, oktyabrın 12-də təcili əməliyyat olunub. Onurğadakı sınıq altı vint və iki çubuqdan ibarət xüsusi sistem vasitəsilə sabitləşdirilib.

Deputatda sol tərəfdə səkkizinci və doqquzuncu qabırğaların sınığı, sağ kürək sümüyünün sınığı, qaraciyərdə zədələnmələr və tənəffüs çətinliyi də müəyyən edilib. Buna görə o, ortopediya və travmatologiya, ümumi cərrahiyyə, eləcə də döş qəfəsi cərrahiyyəsi mütəxəssislərinin nəzarətində olub.

Oktyabrın 19-da xəstəxanadan evə buraxılan deputatın sağalma müddətinin təxminən üç ay çəkəcəyi proqnozlaşdırılır. Onun müayinə və müalicəsi xəstəxananın nəzarəti altında davam etdiriləcək.