ABŞ-nin Özbəkistan uğrunda Çin və Rusiya ilə rəqabət aparmaq dərdi yoxdur - ŞƏRH

  • "Azərbaycan və Özbəkistan kimi ölkələr hansısa bir blokun tam yanında olmurlar. Onlar vəziyyətlərini yaxşı bilirlər və həmin rəqabətdən öz maraqları üçün istifadə edirlər" 

ABŞ-nin Mərkəzi Asiyada, xüsusilə Özbəkistanda yürütdüyü siyasət regionda böyük güclər arasında artan rəqabət fonunda diqqət çəkir. Vaşinqton Pekin və Moskva ilə nüfuz uğrunda mübarizə aparmaq niyyətində olmadığını bildirsə də, region ölkələri ilə iqtisadi əlaqələrin genişləndirilməsində və Amerika şirkətlərinin fəaliyyət imkanlarının artırılmasında maraqlıdır.

ABŞ dövlət katibi Marko Rubionun Özbəkistana səfəri zamanı səsləndirdiyi fikirlər də Vaşinqtonun bu yanaşmasını bir daha ortaya qoyur. Bəs ABŞ-ın Özbəkistanla əməkdaşlıq strategiyasının əsas istiqamətləri nədən ibarətdir? Çin və Rusiyanın regiondakı mövqeləri fonunda Daşkəndin balanslaşdırılmış xarici siyasəti ona hansı üstünlükləri qazandırır?

Politoloq Turan Rzayev Sherg.az-a bildirib ki, ABŞ-ın Özbəkistan uğrunda Çin və Rusiya ilə rəqabət aparmaq kimi bir dərdi yoxdur:

“Çünki ABŞ-ın Özbəkistanla münasibətləri kifayət qədər yaxşıdır. Hətta deyərdim ki, Rusiya və Çindən daha yaxşıdır. Faktiki olaraq ABŞ-yə məxsus avtonəqliyyat şirkətləri var ki, onlar hazırda Özbəkistanda fəaliyyət göstərirlər. Eyni qaydada, səhv etmirəmsə, Özbəkistanla ABŞ arasında hərbi əməkdaşkıq da mövcuddur. Çinə gəldikdə, Özbəkistan Mərkəzi Asiyada, mənə görə, hazırda ən güclü ölkədir. Və ölkənin xarici siyasəti Azərbaycana çox bənzəyir. Özbəkistan balans siyasəti yürütdüyü üçün xüsusi bir rəqabətə ehtiyac duymur. Əslində, Çinin özü də orada xüsusi bir rəqabət aparmır. Düzdür Mərkəzi Asiyaya nüfuz edir. Hətta bu ölkələrə kifayət qədər də borc verir və bununla müəyyən iqtisadi təzyiq siyasəti aparır. Amma Özbəkistan xüsusi bir təzyiq göstəriləcək ölkə deyil. Çünki bu ölkə faktiki olaraq balans siyasəti aparır və həm Rusiya, həm Çin, həm də ABŞ-la yaxşı münasibətləri var. ABŞ bunu Azərbaycana da aid edə bilər. Yəni biz Azərbaycanda Rusiya və Çinlə rəqabət aparmaq kimi. Çünki Azərbaycan və Özbəkistan kimi ölkələr hansısa bir blokun tam yanında olmurlar. Onlar vəziyyətlərini yaxşı bilirlər və həmin rəqabətdən öz maraqları üçün istifadə edirlər. Yəni konkret bir tərəfi seçməsələr belə, seçə bilərəm təəssüratı yaradaraq bir növ çəkindirici güc kimi fəaliyyətlərini davam etdirirlər. Məncə, buradakı əsl məsələ bundan ibarətdir”.