Politoloq: Bu təqdirdə Pakistanla Hindistan arasında irimiqyaslı hərbi əməliyyatların başlaması qaçınılmazdır

Pakistan və Hindistan arasında keçiriləcək danışıqlarda su problemi həll olunmasa, atəşkəsin pozulması təhlükəsi yarana bilər.
Bunu Pakistan xarici işlər naziri İshaq Dar deyib.
“Su probleminin həll edilməməsi müharibə aktına bərabər olacaq”, - nazir bildirib.
İshaq Dar Kəşmiri regional qeyri-sabitliyin əsas səbəbi olaraq göstərib və bölgənin gələcək öz müqəddəratını təyin etməsinə çağırıb.
Politoloq Taleh Əliyev Sherg.az-a bildirib ki, Hindistan müharibənin başlanma səbəbi kimi Kəşmirdə turistlərə qarşı terror aktını göstərir:
"Lakin rəsmi Dehli bu bəhanədən istifadə edərək dərhal iki ölkə arasında hələ keçən əsrin ortalarında imzalanmış sülh sazişini pozaraq Hindistandan Pakistan ərazisinə keçən çayların üzərindəki dəmir bəndləri bağlamaqla əslində münaqişəyə rəvac vermiş oldu. Eyni zamanda həmin vaxt rəsmi İslamabad su bəndlərinin bağlanmasını müharibəyə çağırış kimi qiymətləndirəcəyini bildirmişdi. Bu mənada hər iki tərəfdən bir-birinə qarşı aviasiyadan və artilleriyadan istifadə etməklə xüsusilə hərbi bazalarının, o cümlədən aerodromlarının vurulması kimi qısametrajlı müharibənin şahidi olduq. Əgər su problemi öz həllini tapmayacaqsa, bu Hindistanla Pakistan arasında əldə edilmiş razılaşmanın pozulması anlamına gələcək. Nəticə etibarilə irimiqyaslı hərbi əməliyyatların başlaması qaçınılmazdır".