47 min Ermənistan vətəndaşı Rusiya pasportu alıb

Putin hökuməti prosesi asanlaşdırmaqda böyük maraqlar güdür

"Bu halın özü demoqrafiya sahəsində Rusiyada vəziyyətin acınacaqlı olduğu qənaətini hasil edir"

   Rusiya Daxili İşlər Nazirliyinin məlumatına görə, 2021-ci ildə 735 min 400 nəfər Rusiya vətəndaşlığını qəbul edib. Vətəndaşlıq alanların yarıdan çoxu Donbas və Luqansk sakinləridir. Keçən il Rusiya vətəndaşlığı alanlar siyahısında birinci yeri Ukrayna vətəndaşları (376 min nəfər) tutublar. Həmçinin, 103 min Tacikistan, 50 min Qazaxıstan, 47 min Ermənistan, 32 min Özbəkistan vətəndaşı Rusiya pasportuna sahib olub. Xatırladaq ki, Rusiya hökuməti rus vətəndaşlığının alınması prosesini asanlaşdırıb. 

Ötən il qəbul olunmuş qanun layihəsinə görə, bundan sonra əcnəbilərdən Rusiya pasportunu almaları üçün öz ölkələrinin vətəndaşlığından çıxmaları tələb edilməyəcək. Qanunda söhbətin Moldova, Ukrayna, Belarus və Qazaxıstan vətəndaşlarından getdiyi göstərilir. Bu qanunla vaxtilə sovet vətəndaşlığı olan və hazırda keçmiş müttəfiq respublikalarda yaşayan şəxslər üçün Rusiya vətəndaşlığının alınması prosesi sadələşdirilir. Artıq onlardan vətəndaşlıq müraciəti etmələri üçün Rusiyada üç il yaşamaları və rəsmi gəlir mənbəyinin göstərilməsi tələb edilmir. Qanuna görə, Rusiya ali məktəblərinin məzunları da Rusiya vətəndaşlığı ala bilərlər. Bunun üçün Rusiyada 3 il yox, bir il işləməli olacaqlar. Rusiya vətəndaşları ilə nikahda olanlar üçün də vətəndaşlıq alınması proseduru sadələşdirilib. Bu halda şəxsin Rusiyada yaşaması və rus vətəndaşı ilə ortaq övladının olması kifayətdir. Bəzi şərhçilər deyirlər ki, Rusiyanın yeni qanundan məqsədi keçmiş sovet respublikalarının daxili işlərinə daha fəal müdaxilə etmək imkanı əldə etməkdir. 

Politoloq Azər Qasımov “Şərq”ə açıqlamasında bildirib ki, Rusiyanın əhalisi azalır. Analitikin sözlərinə görə, Rusiya müxtəlif süni yollarla demoqrafiya fərqini aradan qaldırmağa çalışır: 

“Rusiya pasportlarının az qala kimə gəldi paylanması prosesi gedir. Rusdilli olmaq belə bu pasporta sahib olmağa kifayət edir. Bu halın özü demoqrafiya sahəsində Rusiyada vəziyyətin acınacaqlı olduğu qənaətini hasil edir. Bu, Rusiyanın üzdə apardığı “xoşməramlı”, keçmiş sovet ölkələrinin vətəndaşlarına qapılarının açıq olduğunu göstərən siyasətin görüntüsüdür. Amma gizli məqsədlərin olduğu hamıya bəllidir. Rusiya bu siyasətlə gələcək ekspansiyalara zəmin hazırlayır. Moskva öz vətəndaşı və ya rusdilli əhalinin müdafiəsi adı altında istədiyi ətraf ölkələrin siyasətlərinə təsir etmək imkanı qazanır. Bunu Ukrayna timsalında görürük”.

A.Qasımov vurğulayıb ki, Rusiyanı əslində ətraf ölkələrdəki ruslar deyil, heç öz daxilindəki ruslar belə maraqlandırmır: 

“Ukraynada öldürülən rus əsgərlərinin meşə və küçələrdə qalmış meyitləri, məhv edilmiş şəhərlərdəki rusların ölməsi faktları bunu açıq göstərir. Rus hakimiyyətini imperiya maraqları idarə edir. Onlar üçün minlərlə rusun məhv olması elə də böyük itki deyil. Maraqlısı budur ki, rus xalqının böyük əksəriyyəti bu “imperiya maraqları” xəstəliyinə tutulub. Hesab etmək olar ki, Ukraynada davam edən müharibə rusların bu arzularını basdıracaq və rus xalqının şovinist kəsimi əməllərinin cəzasını alacaqlar”.