ABŞ dövlət katibi Marko Rubionun açıqlaması Ukrayna müharibəsinin nizamlanması istiqamətində aparılan danışıqların hələ də ciddi fikir ayrılıqları ilə müşayiət olunduğunu göstərir. Rubionun sözlərinə görə, Alyaskanın Ankoric şəhərində keçirilən Putin-Tramp görüşündə yekun razılıq əldə edilməyib və Moskvanın əsas tələblərindən biri Donbasın tam şəkildə Rusiyaya verilməsidir. Bu isə tərəflərin mövqeləri arasında dərin uçurumun qaldığını və müharibənin yaxın perspektivdə başa çatmasının çətin göründüyünü nümayiş etdirir.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, Ukrayna savaşının nizamlanması prosesi qarşısında yeganə əngəl Rusiyanın neoimperialist mövqeyi idi:

"Rusiya Ukrayna ərazilərini zorakı işğal yolu ilə özünə birləşdirmək, öz sərhədləri daxilinə qatmaq istəyir. Təbii ki, bu, ilk növbədə beynəlxalq hüquq normalarına ziddir. Ukrayna müstəqil dövlətdir və onun sərhədləri dünya tərəfindən tanınıb. Eyni zamanda, beynəlxalq hüquq normalarına istinad edən rəsmi Kiyev Ukrayna ərazilərinin Rusiyaya güzəştə gedilməyəcəyini bildirir. Təbii ki, Rusiya öz neoimperialist mövqeyində israr etdiyindən, Ukrayna isə ərazilərini vermək istəmədiyindən bu prosesdə sülh sazişinin əldə olunması qeyri-real ehtimal kimi görünür, yəni qətiyyən inandırıcı deyil. Bu baxımdan ABŞ dövlət katibinin də təxminən buna yaxın açıqlama verməsi onu göstərir ki, artıq Rusiyanı ciddi şəkildə dəstəkləmiş ABŞ-nin da mövqeyi dəyişməyə başlayıb".
Analitik qeyd edib ki, bütün dünya dəqiq bilir ki, Alyaskada Rusiya Prezidenti Vladimir Putin və ABŞ Prezidenti Donald Tramp arasında müəyyən anlaşmalar əldə olunmuşdu:
"Həmin anlaşmalara görə Ukrayna əraziləri Rusiyaya verilməli idi. Rusiya isə bunun müqabilində Tramp administrasiyasına yaxın olan ABŞ şirkətlərinə öz ərazisində genişmiqyaslı biznes imkanları yaratmalı idi. Yəni böyük bir bazarlıq baş vermişdi və anlaşma da əldə edilmişdi. Ancaq Ukraynanın prinsipial mövqeyi, öz ərazilərində güzəştə getməməsi, sona qədər mübarizə aparması Tramp-Putin anlaşmasını puça çıxartdı. Eyni zamanda, Ukraynanın bu məsələdəki uğurunda Avropa və NATO ölkələrinin Ukraynaya verdiyi prinsipial dəstəyin də xüsusi rolu oldu. Yəni Ukraynanı Rusiyadan və ABŞ təzyiqlərindən müdafiə edə bildilər. İndi situasiya ciddi şəkildə dəyişməyə başlayıb".
Politoloq əlavə edib ki, Rusiya iqtisadiyyatı böyük sürətlə çökmə prosesinə daxil olur:
" Ukraynanın Rusiya dərinliklərinə endirdiyi zərbələr Rusiyanın enerji infrastrukturuna ciddi ziyan vurur. Son məlumatlara görə Rusiyada yanacaq defisiti yaranmağa başlayıb. Artıq Kreml Qazaxıstandan benzin almaq barədə müzakirələrə başlayıb. Bu da onu göstərir ki, Rusiya artıq qaranlıq tunelə daxil olub, ölkəni ciddi maliyyə-iqtisadi böhran gözləyir. Bu isə Rusiyada daxili narazılıqların və kütləvi etiraz dalğasının baş qaldırması təhlükəsi deməkdir. Rusiya belə bir situasiyada ciddi şəkildə tələsir. ABŞ-nin diqqətinə çatdırır ki, Alyaskada müəyyən anlaşmalar olub və Tramp indi həmin anlaşmaları yerinə yetirməlidir. Halbuki həmin anlaşmalar rəsmi sənədləşdirilmiş razılaşmalar deyil. Qeyri-rəsmi şəkildə iki dövlətin lideri razılığa gəlib. Sözlü anlaşma əldə olunub. Belə anlaşmalar isə beynəlxalq hüquqda keçərli sayılmır. Digər tərəfdən, tərəflərdən hər hansı biri sonradan belə anlaşmalardan imtina edə bilər. Ukrayna savaşı ətrafında yaranmış situasiyanı dəyərləndirən ABŞ həmin anlaşmaların yerinə yetirilməsinin qeyri-mümkün olduğunu anlamağa başlayıb. Ona görə də indi Tramp administrasiyası Alyaskada əldə olunmuş Tramp-Putin anlaşmasından imtina edir. Faktiki olaraq Rusiyaya verilmiş sözdən geri çəkilir. Bunu da dövlət katibi Rubio vasitəsilə dünya ictimaiyyətinə çatdırırlar. Bu o deməkdir ki, Rusiyanın ABŞ-yə, xüsusilə də Tramp administrasiyasına olan ümidləri artıq puça çıxır".
E.Xalidbəyli deyib ki, son vaxtlar yaranmış vəziyyətin ciddiliyini anlayan Kreml Ukraynaya dəstək verən dövlətləri nüvə zərbəsi ilə də hədələməyə başlayır:
" Bu da onu göstərir ki, artıq Rusiyanın şərtləri daxilində sülh sazişi qeyri-mümkün xarakter daşıyır. Əgər sülh olacaqsa, Rusiya Ukrayna ərazilərindən çıxmalı, öz qoşunlarını Rusiya sərhədləri daxilinə çəkməlidir. Yalnız bundan sonra rəsmi Kiyevin sülh danışıqları apararaq hər hansı bir sənədə imza atacağı ehtimal olunur. Yəni Zelenski hakimiyyəti həm savaş meydanında, həm də siyasi-diplomatik müstəvidə üstün mövqelər qazandığı bir şəraitdə Ukrayna üçün kapitulyasiya aktı imzalamaz. Bu da o deməkdir ki, sülh sazişinin imzalanıb-imzalanmaması bundan sonra Rusiyanın atacağı addımlardan asılı olacaq. Əgər Rusiya işğal niyyətindən imtina edərsə, sülh baş verə bilər. Əks halda savaşın hələ bir müddət davam etməsi ehtimalı kifayət qədər inandırıcı görünür".