ABŞ-də anomal isti hava: 162 milyon insan risk altındadır

ABŞ-də təxminən 162 milyon insan 35 ştatı əhatə edən isti hava şəraitinin təsiri altındadır.

AZƏRTAC xəbər verir ki, həftə sonunadək Birləşmiş Ştatlarda hərarətin daha da artacağı və 35-40 dərəcəyə çatacağı gözlənilir.

“NBC News” telekanalının məlumatına görə, Boston, Nyu-York, Filadelfiya, Baltimor, Vaşinqton, Çikaqo, Minneapolis, Sent-Luis, Neşvil, Tennessi, Atlanta, Orlando, Florida və Klivlend şəhərləri, həmçinin Kolumbiya dairəsi ən çox risk altında olan bölgələrdir.

Meteoroloqlar bazar ertəsi günortadan sonra Çikaqoda temperaturun 33 dərəcə olduğunu, çərşənbə gününədək isə pik həddə çataraq 38-43 dərəcə arasında dəyişəcəyini bildirib. Ohayo ştatının Deyton şəhərində isə temperatur 38 dərəcəyə çatıb.

Cümə günü Nyu-York şəhərində temperaturun 35 dərəcəyə yüksələcəyi, həftə sonu isə Vaşinqton və Şimali Karolina ştatının Reyli şəhərlərində hərarətin 42 dərəcəni ötəcəyi proqnozlaşdırılır.