ABŞ Məxfi Xidməti qorunan dövlət rəsmilərinə qarşı təhdidlərin görünməmiş səviyyədə artdığını açıqlayıb.
Sherg.az xəbər verir ki, qurumun direktoru Şon Karran hazırkı təhlükəsizlik mühitini "son dərəcə dəyişkən" adlandıraraq, 24 illik fəaliyyəti dövründə belə yüksək təhdid səviyyəsi ilə qarşılaşmadığını bildirib.
Onun sözlərinə görə, ABŞ Prezidenti Donald Trampın olduğu məkanlarda ilk dəfə olaraq yeni aşkarlama və təhlükənin qarşısını alma sistemlərindən istifadə edilir.
Direktor müavini Metyu Kuinn isə İranın Donald Trampı hədəfə alma niyyətini açıq şəkildə bəyan etdiyini qeyd edib. O, həmçinin pilotsuz uçuş aparatlarını (PUA) ABŞ üçün ən ciddi və təcili təhlükələrdən biri adlandıraraq, bu taktikanın ölkə daxilində tətbiqinin "zaman məsələsi" olduğunu vurğulayıb.
ABŞ Milli Təhdidlərin Qiymətləndirilməsi Mərkəzinin rəhbəri Lina Alatari isə potensial hücumçular üçün vahid profilin olmadığını, onların əsas motivasiyasının adətən narazılıq və ya şikayət hissi olduğunu bildirib.