Rusiya nüvə məsələsində ABŞ və İran arasında vasitəçi kimi çıxış edə bilər.
Sherg.az xəbər verir ki, bu təklif Amerikanın "The National Interest" jurnalında dərc olunan məqalədə irəli sürülüb.
Məqalənin müəllifinin fikrincə, Rusiya tərəflərin kompromis əldə etməsinə kömək etmək üçün kifayət qədər təsir imkanlarına və ekspertizaya malikdir. Yazıda qeyd olunur ki, nüvə silahlarının yayılmasının qarşısının alınması sahəsində Rusiya və ABŞ-ın hələ də müəyyən ortaq maraqları mövcuddur.
Jurnalistin fikrincə, Moskvanın İranın mülki nüvə obyektləri ilə bağlı proseslərdə iştirakı, eləcə də Tehran daxilindəki siyasi və strateji hesablamaları anlaması Vaşinqton üçün çatışmazlıqdan daha çox üstünlük ola bilər.
Qeyd olunur ki, Donald Tramp və Vladimir Putin arasındakı müsbət münasibətlər bu imkanın reallaşdırılmasına şərait yarada biləcək amillərdən biridir.
Donald Tramp açıqlamalarından birində növbəti dəfə İranın “heç vaxt nüvə silahına sahib olmayacağını” bildirib və bu qərarı “daha yüz dəfə” verməyə hazır olduğunu vurğulayıb.
Moskva isə İrana qarşı hərbi güc tətbiq edilməsini kəskin şəkildə pisləyir. Rusiya xarici işlər naziri Sergey Lavrov ABŞ və İsrailin zərbələrini “təcavüz aktı” adlandırıb.
Onun sözlərinə görə, hərbi əməliyyat “nüvə silahının yaradılmasına yönəlmiş meylləri gücləndirə bilər” və nüvə silahlarının yayılması probleminin nəzarətdən çıxması riskini yaradır.