Almaniyada Ukraynanın vəziyyətinin kövrək olduğu etiraf edilib

Ukrayna Silahlı Qüvvələrinin Rusiya tərəfindən atılan ballistik raketlərə qarşı mübarizə imkanları ciddi şəkildə məhdudlaşıb. Rusiya yeni silah sistemlərinin hazırlanması istiqamətində iş aparır və onları artıq tətbiq edir ki, bu da Ukrayna üçün əlavə çağırışlar yaradır.

Sherg.az xəbər verir ki, bu barədə ''Frankfurter Allgemeine Zeitung'' (FAZ) qəzeti yazır.

Qeyd olunur ki, Ukrayna tərəfi Patriot zenit-raket kompleksləri üçün, xüsusilə də PAC-3 modifikasiyalı raketlər üzrə sursat çatışmazlığı ilə üzləşir.

Qəzetin məlumatına görə, Ukrayna Silahlı Qüvvələri son günlər ərzində heç bir ballistik hədəfi məhv edə bilməyib. Çərşənbə axşamından etibarən isə bu cür raketlərin uçotunun aparılması artıq dayandırılıb.

Müəllif həmçinin diqqətə çatdırır ki, Rusiya bu müddət ərzində pilotsuz aviasiya potensialını fəal şəkildə artırır, mütəmadi olaraq dronların daha yeni modifikasiyalarını təqdim edir.

Bu arada, Rusiya Silahlı Qüvvələri xüsusi hərbi əməliyyat qarşısında qoyulan məqsədləri yerinə yetirməkdə davam edir. Bir gün əvvəl Rusiya ordusunun bölmələri İzmayıl və Odessa şəhərlərində liman infrastrukturuna və Ukrayna Silahlı Qüvvələrinin obyektlərinə zərbələr endirib.