Almaniyanın Sankt-Peterburqdakı Baş Konsulluğu fəaliyyətini dayandırıb və onun əməkdaşları Rusiyanı tərk ediblər.
Teleqraf xəbər verir ki, bu barədə TASS-a Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı sözçüsü Maksim Poletayev bildirib.
Rusiya Xarici İşlər Nazirliyinin Sankt-Peterburqdakı nümayəndəsi əlavə edib ki, Höte İnstitutu və Almaniya Baş Konsulluğundakı məktəb də fəaliyyətini dayandırıb.
Bir gün əvvəl, 17 sentyabrda konsulluq işçiləri binanın bayraq dirəklərindən Aİ və Almaniya bayraqlarını, gerbləri yığışdırıblar.
Rusiya Xarici İşlər Nazirliyi bildirib ki, Almaniyanın 7 sentyabrda Bonndakı Rusiya Baş Konsulluğunu və Berlindəki Rusiya Elm və Mədəniyyət Evini bağlamaqla bağlı qeyri-dost hərəkətlərinə cavab olaraq, Almaniyanın Rusiyadakı müvəqqəti işlər vəkilinə Sankt-Peterburqdakı Almaniya Baş Konsulluğunun fəaliyyətinə verdiyi razılığı ləğv etdiyi barədə məlumat verilib.
Baş Konsulluq fəaliyyətini 18 sentyabrdan gec olmayaraq dayandırmalı və bütün işçilərindən həmin tarixə qədər Rusiyanı tərk etmələri tələb olunur. Nazirlik həmçinin qeyd edib ki, Alman Höte Mədəniyyət Mərkəzləri Rusiyadakı fəaliyyətini dayandırmalı və onların ezamiyyətdə olan işçilərinə 13 sentyabrdan gec olmayaraq Rusiyanı tərk etmələri əmr edilib.
Xarici İşlər Nazirliyi ikitərəfli münasibətlərdə gərginliyin səbəbkarının Almaniya hakimiyyətinin olduğunu vurğulayıb.