Analitik: Şaraanın kürd qərarı çıxış yolu üçün ən optimal addımdır

Suriya Prezidenti Əhməd əş-Şara kürd dilini milli dil olaraq tanıyıb və ölkə vətəndaşlığının bütün kürdlərə aid ediləcəyini bildirib. Şaranın imzaladığı sərəncama əsasən, kürd dili artıq Suriya ərəb dili kimi statusda olacaq. Üstəlik, kürd əhalinin yaşadığı bölgələrdəki məktəblərdə kürd dilində təhsilə izn veriləcəyi bildirilib. Şaranın sərəncamıyla həmçinin Novruz bayramı da Suriyada rəsmi bayramlar sırasına daxil edilib. 

Bu, Suriyanın müstəqillik qazandığı 1946-cı ildən bəri ilk dəfədir ki, kürdlərin milli və dil haqqları mərkəzi hökumət səviyyəsində tanınır.  

Şaranın qərarı həmçinin ötən həftə Hələbdə kürd silahlıları ilə Suriya ordusu arasında toqquşmalardan sonraya təsadüf edir. Bu döyüşdən sonra Hələbin iki məhləsi kürd silahlılardan təmizlənmiş və tam olaraq Suriya ordusunun nəzarətinə keçmişdi.  

Bununla belə Şaranın qərarı bəzi kürd liderlərdə şübhə yaradıb. Xüsusilə Saleh Müslim AFP-yə bildirib ki, Dəməşqin qərarı kürdlərin əsas tələblərinə kölgə salmaq və onlar arasında nifaq salmaq üçün ola bilər. 

Suriyanın 20 milyonluq əhalisinin 2 milyonunu kürdlər təşkil edir. Ölkənin şimal və şimal-şərqinin əhəmiyyətli hissəsi kürdlərin Suriya Demokrati Qüvvələrinin nəzarətindədir. Dəməşq isə bu əraziləri yenidən öz nəzarətinə qaytarmaq istəyir, lakin kürdlərlə aparılan danışıqlar hələlik nəticə vermir.

Milli Cəbhə Partiyasının sədr müavini, siyasi şərhçi Tural İrfan “Sherg.az”a açıqlamasında bildirib ki, Prezident Şaraa kürd dilini rəsmən dövlət dili olaraq təsdiqləməsi və Novruz bayramını dövlət bayramı olaraq elan etməsi ölkədə gərgin vəziyyəti nizama salmağa hesablanıb və milli problemin həllinə yönəlib:

“ Əhməd əl-Şaraa kürdlərin hüquqlarını qoruyan fərman imzalamaqla əslində heç bir milli problemin qalmadığını əyani şəkildə ortaya qoyub. O, kürdlərin Suriya cəmiyyətinin ayrılmaz hissəsi olduğuni və ölkə tarixində ilk dəfə olaraq kürd dilinin dövlət dili kimi tanındığı bildirməklə əvvəlki rejimdən fərqli mövqe nümayiş etdirib. Fərmana əsasən, kürd dili əhalinin, yəni kürdlərin əhəmiyyətli bir hissəsini təşkil etdiyi ərazilərdəki məktəblərdə tədris olunacaq. Bu fərman kürdlərin mərkəzi hökumətə inteqrasiyasını sürətləndirəcək. 1962-ci il əhalinin siyahıyaalınmasında vətəndaşlıqdan məhrum edilmiş kürdlərə vətəndaşlığın bərpası hüququ verilməsi kürdlər üçün böyük nailiyyətdir. Bundan əlavə, 21 martda qeyd olunan Novruz bayramının rəsmi status alması da mədəniyyətlərin vəhdətini, Suriyadakı fərqli xalqların milli dəyərlərinin dəyərləndirilməsini göstərir. Ölkədaxili siyasi gərginliyi azaldacaq olan bu fərman kürd - ərəb münasibətlərində balans yaradaraq milli həmrəyliyi gücləndirəcək. Suriya lideri demək istəyir ki, İsrail sizə nə vəd edirsə mən onu artıqlaması ilə sizə verirəm, yetər ki, dövləti bölməyək, suverenliyimizi qoruyaq”.

T. İrfan qeyd edib ki, etnik qruplar arasında tolerant münasibət və inteqrasiya məsələsində bünövrə xarakteri daşıyan bu qərar yeni gərginlik ehtimallarını minimuma endirir:

“ Suriya prezidentinin bu qərarı indiki vəziyyətdə çıxış yolu üçün ən optimal addımdır. Çünki hələ tam möhkəmlənməmiş Suriya dövlətinə İsrailin yaratdığı ciddi problemlərə və bəhanələrə yer saxlamamaq üçün ən əlverişli yol budur”.