Məleykə xanım açıq şəkildə etiraf edə bilmir ki, artıq məktəb təhsili yoxdur - Ekspert

"Bizim məktəblər uşaqlarda istedad nişanələrini oyatmaqda çox acizdirlər"

Dövlət İmtahan Mərkəzinin İdarə Heyətinin (DİM) sədri Məleykə Abbaszadə oxu.az saytına müsahibəsində olduqca düşündürücü bir məqama toxunub: “2023-cü ildə 9-cu sinif üzrə və 2025-ci ildə 11-ci sinif üzrə buraxılış imtahanlarında iştirak edən eyni şagirdlərin imtahandan aldıqları qiymətlərin paylanmasına baxsanız, aydın olur ki, nəticələr arasında korrelyasiya, yəni uyğunluq var. Məsələn, riyaziyyat fənni üzrə nəticələri müqayisə etsək görərik ki, 9-cu sinifdə 75-100 bal toplayan şagirdlərin 86.4%-i həmin nəticəni 11-ci sinif buraxılış imtahanında da təkrarlayıb. Eləcə də 9-cu sinifdə 0-25 bal toplayanların 87.6%-i 11-ci sinifdə yenə həmin aralıqda bal toplaya bilib. Yəni statistika göstərir ki, fundamental bilik və bacarıqları aşağı siniflərdə zəif olan şagirdlər sonrakı dövrlərdə göstəricilərini artıra bilmirlər. Ancaq məktəbdən kənar fərdi hazırlıqla məşğul olan şəxslər və ya kurslar belə şagirdləri müəyyən vədlər verməklə özlərinə cəlb edirlər. Yekun nəticədə isə həmin şagirdlər iki il sonra lazımi balı toplaya bilmədikdə məsuliyyəti daha çox imtahanın və onun çətinliyinin üzərinə yükləməyə çalışırlar. Halbuki valideyn müəyyən edə bilər ki, 9-cu sinifdə imtahan verən övladı 11-ci sinifdə təqribən nə qədər bal toplaya biləcək".

Sherg.az xəbər verir ki, təhsil eksperti, sabiq deputat Etibar Əliyev DİM sədri Məleykə Abbaszadənin fikirlərini sosial şəbəkə hesabında paylaşaraq məsələyə münasibət bildirib:

"Xeyli narahatedici məqamlar ortaya çıxır. İki il müddətində məktəb təhsili biliklərin artırılmasına yardımçı ola bilmir? Nə üçün məsuliyyət məktəbdən kənar fərdi hazırlıq həyata keçiriən şəxslər və kursların üzərinə qoyulur? DİM rəhbəri təməl fənlər olan “Riyaziyyat” və “Azərbaycan dili”ndən keçirilən buraxılış imtahanlarında funksioanal savadsızlığın genişlənməsi faktını ortaya qoyub. Lakin Məleykə xanım açıq şəkildə etiraf edə bilmir ki, artıq məktəb təhsili yoxdur. Sualların çətinliyinə gəldikdə isə çətinlik dərəcəsini rasional şəkildə məktəb təhsili artırmalıdır". 

Ekapert qeyd edib ki, fənn proqramlarını normal mənimsəyə bilməyən şagird üçün bütün suallar çətin kimi görünür: 

"Böyük alimlər uşaq yaşlarından çətin məsələləri həll etməklə elmin yüksək zirvəsinə qalxa biliblər. Bizim məktəblər uşaqlarda istedad nişanələrini oyatmaqda çox acizdirlər. Fənnini mükəmməl bilməklə yanaşı həm də universal biliklərə malik olan müəllimləri barmaqla saymaq olar. Ali məktəblərdə isə vəziyyət lap acınacaqlıdır…".